Press "Enter" to skip to content

Doğu Türküstan Cümhuriyyətinin xatirə günü qeyd edildi – VİDEO/FOTO

Amsterdanm, Dam meydanı. 12 noyabr, 2021

Son yeniləmə: 16 Noyabr 2021 12:19

Bayraqdar.info – Hollandiyanın paytaxtı Amsterdamın Dam meydanında illərdir davamlı etiraz aksiyası keçirən, hazırda Çinin işğalı altında olan Doğu Türküstanlı Abdurəhim Qəni (Abdurehim Gheni Uyghur) 13 noyabrda daha diqqətçəkən aksiyaya əl atıb.

Bayraqdar.info-ya bu haqda danışan Abdurəhim deyir ki, 12 noyabr uyğur xalqının tarixində iki dəfə müstəqil dövlətin qurulduğu gündür. 1933-cü ildə Şərqi Türkistan İslam Cümhuriyyəti, 1944-cü ildə isə Şərqi Türküstan Cümhuriyyəti məhz bu gündə qurulub. Lakin sonradan Sovet İttifaqı və Çin arasındakı sövdələşmə sonucu hər iki Cümhuriyyət Çinin istilası ilə sonlandırılıb.

“Mən Çin zülmü üzündən Vətənim Doğu Türküstanı tərk etmək məcburiyyətində qalmışam. Uzun bir yolçuluqdan sonra Hollandiyaya yerləşmişəm. Doğu Türkistandakı ailə üzvlərimlə əlaqə saxlaya bilmirəm. Çin rejimi buna imkan vermir. Bildiyimə görə, onların bəziləri zindanlara atılıb. Eyni zamanda, milyonlarla uyğur Çində toplama düşərgələrində zülm altında tutulur. Belə olduqda mən biganə qala bilməzdim. Ona görə də 2018-ci ilin yayından Amsterdamdakı Dam meydanında fasiləsiz etiraz aksiyası keçirirəm”, – deyir Abdurəhim.

Bayraqdar.info-nun builki tədbirlərlə bağlı sualına cavab olaraq o, bildirib ki, avtomobil qəzası keçirdiyi üçün əvvəlki illərdəki kimi geniş aksiya təşkil edə bilməyib. Lakin bu halında belə Dam meydanını boş qoymayıb və 12 noyabr tarixinə həsr edilmiş tədbirlərini keçirə bilib.

A.Qəni deyir ki, 12 noyabr aksiyalarını 2019 və 2020-ci illərdə də keçirib. Həm bu gün ərəfəsində, həm də ondan sonrakı günlərdə müxtəlif üsullarla dünyanın diqqətini uyğur probleminə, Çinin istila etdiyi Doğu Türküstan Cümhuriyyətinə cəlb etməyə çalışıb.

“Bu il də aksiyamızı keçirdik. Amma qeyd etdiyim qəza üzündən hazırlıqlarımız əvvəlki illərdəki kimi olmadı. Buna baxmayaraq bir daha dünyanın diqqətini Çin zülmü altında inləyən uyğurların probleminə, həmçinin istila edilmiş Doğu Türküstan dövlətçiliyinə cəlb edə bildim”, – deyir Abdurəhim.

Amsterdanm, Dam meydanı. 12 noyabr, 2021

A.Qəni builki 12 noyabr tədbiri zamanı bir daha diqqəti Çinin istila etdiyi Doğu Türküstan dövlətçiliyinə cəlb edib. O, illərdir apardığı mücadilənin məntiqi nəticəsi olaraq 12 noyabr 2021-ci ildən “Uyğurları Dəstəkləyin” (Support Uyghurs) adlı təşkilat qurduğunu, bundan sonra bu ad altında mübarizəyə davam edəcəyini açıqlayıb.

Əlavə edək ki, Çində ən azı 20 milyon nəfərlik uyğur azlığı var. Onlar əsasən ərazisi 1,8 milyon kv km olan Doğu Türküstanda – tarixi torpaqlarında yaşayır. Beynəlxalq insan haqları qurumlarının və Doğu Türküstandakı mənbələrin verdiyi məlumatlara görə, Çin rejimi aşağı-yuxarı 3 milyon uyğuru toplama düşərgələrində girov saxlayır. Bundan başqa, uyğur qadınların zorla qısırlaşdırılması kimi qeyri-insani tədbir həyata keçirilir ki, onların uşaqları olmasın. Daha bir insanlıq dışı tədbir isə Çinin uzaq yerlərindən kişiləri gətirib yalnız qadın və uşaqları qalmış uyğur ailələrində (çünki uyğur kişiləri düşərgələrdə -ailələrindən kənarda tutulur) zorla yerləşdirməkdir…

Qeyd edək ki, bayraqdar.info bu ilin aprelində Abdurəhim Qəni ilə “Doğu Türküstanlı Abdurəhimin tüklər ürpərdən ailə dramı – FOTOLAR/VİDEO” adlı bir müsahibəsini də yayımlamışdı.

Mission News Theme by Compete Themes.