Son yeniləmə: 16 Noyabr 2021 09:38
Bayraqdar.info – “Sualınıza cavab verməyə bu mübarək gün üçün Allaha şükür etməklə başlamaq istəyirəm. Türk Dövlətləri Təşkilatı elə bir müqəddəs qurum, elə genişmiqyaslı təşkilatdır ki, onun yaranması ilə bağlı suala cavab verərkən saatlarla danışmaq olar. Amma mən çalışacağam ki, türk dünyası üçün tarixi önəm kəsb edən bu təşkilatın yaranması və bundan sonra atılmalı olan addımlarla bağlı suala imkan daxilində qısa cavab verim”.
Bunu bayraqdar.info-nun sualını cavablandıran Türkiyənin və türk dünyasının dəyərli ziyalılarından, tarixi roman yazarlarından biri Alper Kağan Ücer deyib. Məlumat üçün bildirək ki, Çinar Ata imzası ilə tanınan və bu günə kimi bir çox milli yönümlü dərgilərə rəhbərlik edən, türk dünyasına dair çeşidli araşdırmaların və kitabların müəllifi olan Alper Kağan Ücer həm də bir Azərbaycan sevdalısıdır. Onun müəllifi olduğu “Sarı Saltuk baba” romanı Azərbaycanda da nəşr edilib. Dəyərli yazar müəllifi olduğu “Seyyid Nesimî – Dosdoğru Yol” romanını isə Qarabağ şəhidlərinin xatirəsinə ithaf edib.
Bütün işlər türk dünyasının daha da güclənməsinə xidmət etməlidir
Beləliklə, sualımıza cavaba türk dünyasının tarixinə qısa eksurs etməklə başlayan müsahibimiz bu birliyin zəruri olduğunu deyib. Bundan sonra atılmalı olan addımlara gəlincə Alper Kağan Ücer qeyd edib ki, bütün işlər türk dünyasının daha da güclənməsinə, türk dövlətlərinin və xalqlarının daha dərindən inteqrasiyasına xidmət etməlidir: “Türk ziyalısı kimin inciyəcəyini, kimin küsəcəyini düşünmədən bu birlik adına ətəyindəki bütün daşları tökməli, uğura gedən yolda bütün maneələri öz aralarında danışaraq həll etməlidir”.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının daha da güclənməsindən danışarkən, istər-istəməz oxşar qurumlarla müqayisələr aparılmalıdır: “Təbii ki, bu sırada Avropa İttifaqının yaranması və güclənməsi tarixini, bu yolda üzləşdiyi çeşidli problemləri xatırlamalıyıq. İndi də bir çox çətinliklərdən əziyyət çəkən bu təşkilat inkişafında çoxlu təkamül və dəyişikliklərə məruz qalıb. Vaxtı ilə Avropa Kömür və Polad Təşkilatının birliyi kimi ortaya çıxan təşkilat bu gün Avropa Ordusunu qurmağı planlaşdırır”.
Qeyd edilib ki, bu baxımdan Türk Dövlətləri Təşkilatının da güclənməsi üçün vaxtın və səbrin lazım olduğunu nəzərə almalı, bu təşkilatın yaranmasının bəzi xarici güclər tərəfindən heç də sevinclə qarşılanmayacağını unutmamalıyıq: “Başlanan hər işdə bir xeyir var. İlk bismillah demək işin ruhunu formalaşdırmaqdır. Türk Avroviziyasından (Türk Dünyası Mahnı Yarışması) Türk Dünyası Futbol Liqasına, Türk Birlik Ordusundan Türk “Oskar”ına, Türk dünyasının iqtisadi inkişaf qurumlarına, türk dünyasının ortaq pul vahidinə qədər çıxılacaq pilləkənlər çox yüksəkdir. Dünyadakı qüvvələr nisbəti ciddiyətlə nəzərə alındıqda ilk ağla gələn odur ki, kimsə ortaya çıxacaq gücün (türk birliyinin) yoluna çiçək düzməyəcək”.
Qarabağ savaşı Allahın izni ilə türkün qələbəsi ilə nəticələndi
Müsahibimiz hesab edir ki, gələcəkdə təhlükələrdən qorunmaq üçün türk milləti öz tarixindən gətirdiyi qədim dövlət bilgisi ilə ilk növbədə öz böyük kəşfiyyat şəbəkəsini qurmalı və ona hərbi dəstək verməlidir. Unutmaq olmaz ki, heç kim nazlı Qarabağımızı ipəyə büküb bizə təqdim etməyib. Nə etmək lazım idisə edildi. Minlərlə şanlı şəhid Rəbbinə doğru yürüş etdi. Nəhayət, bu savaş Allahın izni ilə türkün qələbəsi ilə nəticələndi”.
Vurğulanıb ki, təşkilatın onurğa sütununu təşkil edən dövlət başçılarının iradəsi, dövlətlərin iqtisadi və hərbi gücləri çox önəmlidir: “Lakin bu təşkilatın özəyini təşkil edən güc dövlətlər daxilində türk boylarının əsilzadə üzvlərinin bu işdə nə qədər istəkli olmalarıdır. Bir neçə nəsildır ayrı-ayrılıqda yaşayan bu sayılıb-seçilən insanların həyatlarını niyə birlikdə davam etdirməli olduğunu onlara izah edə bilməsəniz, təşkilatın ömrünün çox uzun olacağını söyləmək olmaz”.
Bu birlik qədim türk millətinin dönməz yoluna çevrilməlidir
Alper Kağan Ücer deyir ki, burada digər məqam ədəbiyyatla bağlıdır: “Ədəbiyyat sahəsində görüləcək yeni işlər və bugünkü milli şüurun dərinliklərində mövcud olan ümumi tale birliyi idealını təsvir edən qədim əsərlər dövrün imkanları ilə yorulmadan təbliğ edilməlidir.
Kino, teatr, roman, hekayə və s. kimi bütün sahələrdə keçmişə istinad üsullarından istifadə edilməlidir. Türkün keçmişində özündə olan yenidən onun özünə hədiyyə edilməlidir. İş o yerə gəlib çatmalıdır ki, bu birlik və ideal sevgisi dövlət idarəçilərinin seçimi və qərarı olmaqdan çıxıb qədim türk millətinin dönməz yoluna çevrilməlidir.
Bir sözlə, ortaq mədəniyyətimiz gələcək üçün yol xəritəmizdir. Türk xalqlarına tarix boyu ayrı olduqları zaman necə məğlub olduqlarını yorulmadan təkrar-təkrar söyləmək lazımdır. Hesab edirəm ki, bu qurumda ayrılacaq ən böyük iqtisadi resurs bu təbliğata yönəldilməlidir”.
Əgər siz güclüsünüzsə, həmişə haqlısınız
KKTC-nin gələcəkdə bu təşkilata üzv olması üçün hansı addımların atılmasının vacib olduğuna dair suala gəlincə, müsahibimiz deyir ki, bu məqamda yaxın keçmişə, bir il öncəyə nəzər yetirmək lazımdır: “Bir il öncə Azərbaycan Qarabağ zəfərini qazandı. Qarabağ zəfəri gündəlik həyatda bir çox məsələdə uduzan türk millətinin aşağılıq kompleksindən qurtulmaq hədiyyəsidir. Bosniyada və ya Kərkükdə yaşayan bir türk üçün Qarabağ şərəf məsələsidir. Deyəcəyim odur ki, əgər siz güclüsünüzsə, həmişə haqlısınız. Qarabağ zəfəri bütün türk dünyasındakı hadisələr üçün bir modeldir”.
Qarabağ Zəfəri bu həqiqəti bir daha ortaya qoydu
“Əlinizi uzadıb alsanız, o alma sizindir. Yoxsa, əgər dərdlərinizdən yazacağınız qəsidələr “Su qəsidəsi” olsa, Seyid Nəsimini diriltsəniz, dərdinizi ona söyləsəniz belə, heç kim qulaq asmaz. Qarabağ Zəfəri bu həqiqəti bir daha ortaya qoydu.
“Mən yüksək ideallardan və fəzilətlərdən danışmayacağam, amma sözümü daha çox kapitalist yanaşma ilə yekunlaşdıracağam. Biz öz maraqlarımız üçün toparlanaraq problemlərimizə qalib gələ bilərik. Əks təqdirdə heç bir uğur qazana bilmərik. Dünənindən xəbəri olmayan sabah haqqında danışmasın.
“Salam və dualar. Ulu əcdadlarımızın dili ilə; TENGRİ BİZ MENEN”
[…] Alper Kağan Ücer: Ortaq mədəniyyətimiz gələcək üçün yol xəritəmizdir […]