Press "Enter" to skip to content

630 km tullantı su xətlərində təmizləmə işləri aparılıb

Bayraqdar.info – İntensiv yağıntıların kanalizasiya sistemlərinin fəaliyyətinə yaratdığı problemlərin aradan qaldırılması diqqət mərkəzindədir. Belə ki, “Azərsu” ASC tərəfindən bu məqsədlə kompleks tədbirlər həyata keçirilir.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən noyabrın 16-da bayraqdar.info-ya verilən məlumatda belə deyilir.

Bildirilir ki, “təsdiqlənmiş tədbirlər planına uyğun olaraq cari ilin avqust ayından başlayaraq Bakı şəhərinin əsas daşıyıcı kanalizasiya kollektorları və xətləri, baxış quyuları və yağış barmaqlıqlarının yuyulması, onların bərk tullantılardan təmizlənməsi işləri aparılır. Ötən müddətdə 630 km tullantı su xətlərində, 42 mindən çox baxış quyusunda və barmaqlığında, təmizləmə işləri aparılıb. İntensiv yağıntılardan sonra kanalizasiya kollektorları, xətləri və yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənməsi, onların yuyulması işləri təkrar həyata keçirilir”.

Qeyd edilir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərfindən payız-qış mövsümünə hazırlıqlar çərçivəsində kanalizasiya sistemlərində təmizləmə işləri aparılıb. Bununlsa belə intensiv yağıntılar zamanı mövcud sistemlər yenidən bərk tullantılarla dolur: “Xətlərdə bərk tullantıların yığılması şəbəkə və kollektorların istismarını çətinləşdirir və onların ötürmə qabiliyyətini xeyli azaldır. Bununla əlaqədar Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında, həmçinin Sumqayıt və Xırdalan şəhərlərində subasma riskləri olan nöqtələr müəyyən edilərək təmizləmə işlərinə başlanılıb”.

“Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir. Xüsusi texnikanın köməyi ilə kollektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Kollektorların, xətlərin və yağış barmaqlıqlarının təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə gətirib çıxarır. Bununla da xətlərdəki tutulmaların qarşısı alınır və yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur. Kollektorlarla yanaşı, kiçik diametrli daşıyıcı tullantı su xətləri və yağış barmaqlıqları da bərk məişət tullantılarından mütəmadi olaraq təmizlənir.

Eyni zamanda kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti bir daha yoxlanılır, ehtiyac olan nasoslarda və digər hidrotexniki qurğularda sazlama işləri aparılır. Qeyd edək ki, bu işlər Abşeron yarımadası ilə yanaşı regionalarda da həyata keçirilir” , – deyə sonda bildirilir.

Mission News Theme by Compete Themes.