Son yeniləmə: 15 Noyabr 2021 10:21
Bayraqdar.info – 2021-ci ilin oktyabr ayında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə “Antik və İlk Orta əsrlər dövrü üzrə Qəbələ Arxeoloji Ekspedisiyası” Qədim Qəbələnin Antik Şəhər yerində və Qəfərli antik dövr nekropolunda tədqiqatları davam etdirib.
Xəbər bayraqdar.info-ya İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.
Xəbərdə qeyd edilir ki, Antik Şəhər yerində ilk tədqiqatlar keçən əsrin 50-ci illərindən Saleh Qazıyev tərəfindən başlanmış, 2017-ci ilə qədər prof. İlyas Babayevin rəhbərliyi ilə davam etmişdir. 2019-cu ildən t.ü.f.d. Ceyhun Eminlinin rəhbərliyi ilə Antik Şəhər yerində yenidən tədqiqatlara start verilmişdir.
“Çaqqallı adlanan sahədə yerləşən Antik Şəhər yerində aparılan arxeoloji tədqiqatların əsas məqsədi ərazidə ilkin yaşayış məskəninin salınması, inkişafı və şəhər kimi formalaşması mərhələlərinin ardıcıllığının öyrənilməsi olub. Tədqiqatlar nəticəsində e.ə. VI-IV əsrlərə və e.ə. III-I əsrlərə aid mədəni təbəqələr müəyyən edilib. Tədqiqatların ilkin nəticələrinə əsasən söyləmək olar ki, ellinizm dövrünün sonlarına doğru ərazidə yaşayış məskəni inkişaf edərək Antik Qəbələ şəhərinin əsas hissəsinə çevrilib.
“Ekspedisiya Antik şəhər yeri ilə yanaşı, ətrafda olan qədim qəbiristanlıqda da tədqiqatları davam etdirib. Soltannuxa kəndi ərazisində yerləşən Qəfərli antik dövr nekropolunda 2020-ci ildən başlanan tədqiqatlar uğurla davam edib. Tədqiqatlar zamanı yer səthindən 120 cm dərinlikdə torpaq qəbirlər aşkar edilib. Qəbirlərdən birində qadın və uşaq skeleti olmaqla, qoşa dəfn müşahidə olunub. Qəbirlər antik dövr üçün səciyyəvi olan müxtəlif formalı saxsı qablarla zəngin olub. Aşkar edilən qəbirlərin xronoloji çərçivəsi e.ə. I əsrin sonları və eramızın II əsrlərini əhatə edir.
“Tədqiqat müddətində Yaloylutəpə adlanan sahədə təsərrüfat işləri zamanı maddi mədəniyyət nümunələri üzə çıxıb. Ekspedisiya rəhbəri t.ü.f.d. C.Eminlinin bildirdiyinə görə, “həmin əraziyə baxış keçirilərkən Yaloylutəpə sahəsində xəndək qazıntısı zamanı yer səthindən 80-140 cm dərinliklərdə antik dövrə aid dağıdılmış qəbirlərin xəndəyin divarlarında qalmış izlərinə əsasən qeydləri aparılmış, qəbirlərə aid bəzi qablar götürülüb. Antik şəhər yerində tədqiqatların növbəti qazıntı mövsümlərində də davam edilməsi nəzərdə tutulur,” Xəbərdə belə deyilir.