Bayraqdar.info – “Orta əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qarabağ müharibəsi şəhidlərinə və qazilərə həsr olunan “Zəfər qəhrəmanları” sərgisi açılıb.
Məlumat bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən daxil olub.
“Qoruğun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, sərgidə Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinə və iştirakçılarına məxsus geyimlər, mülki və hərbi əşyalar, fotolar, sənədlər, medallar və sair eksponatlar nümayiş olunur. O qeyd edib ki, sentyabrın 27-də başlayaraq qoruq əməkdaşları və ictimai birliyin üzvləri Ağsu şəhərində və kəndlərdə, Bakı və Sumqayıt şəhərlərində yaşayan şəhid ailələri ilə görüşüb. Onlardan övladları haqqında məlumatlar toplayıblar. Sərginin əsas hissəsini Ağsu rayonundan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan 34 şəhidin əşyaları, foto və sənədləri təşkil edir.
“Tədbirdə çıxış edən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Mərkəzinin rəhbəri, professor Qafar Cəbiyev, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Fariz Hüseynli, Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəxtiyar Məmmədov çıxış ediblər.
“Sonra şəhid ailələrinin üzvləri Şölə Vahabova, Əsli Təhməzova, Könül Quliyeva, Fəxriyyə Xəlilova, Narınc Məlikova, Habil Cəbiyev, Namiq Cəfərov, Mirzə Şamilov, Əfsanə Ələkbərova şəhidlərlə bağlı xatirələrini bölüşüb, sərginin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
“Daha sonra sərgiyə baxış keçirilib. Sərgi ilin sonunadək ziyarətçilər üçün açıq olacaq”, – deyə məlumatda bildirilir.