Son yeniləmə: 15 Noyabr 2021 01:53
Bayraqdar.info – “Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü türk dünyasının gələcəyi baxımından tarixi qərarların qəbulu ilə yadda qaldı. Bu konteksdə qurumun bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırılmasına dair qərar isə xüsusi olaraq vurğulanmalıdır”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Eskişehirdən olan tarix müəllimi Ömər Koşar deyib.
Onun sözlərinə görə, əgər Türk Keneşi daha çox regional bir təşkilat statusunda idisə Türk Dövlətləri Təşkilatı beynəlxalq qurum statusunda dünya birliyinə təqdim ediləcək: “Şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının yaranmasında Azərbaycanın xüsusi yeri var. Azərbaycan bu təşkilatın yaranmasında, ümumiyyətlə türk dünyasında birləşdirici, necə deyərlər körpü rolunu oynayır. Çünki bildiyimiz kimi Azərbaycan həm Türkiyə, həm də Orta Asiya respublikaları ilə əlaqələr qurmaq baxımından heç bir problem yaşamır. Azərbaycan ziyalıları bir qazax, qırğız, Rusiyada yaşayan bir tatar, hətta kumukla rahat şəkildə təmas qura, ünsüyyət yarada bilir. Eyni zamanda, Türkiyə türkləri ilə də rahatlıqla əlaqə yarada bilir. Bu baxımdan Azərbaycan Türkiyə ilə Orta Asiya respublikaları arasında körpü rolunu oynayır”.
Müsahibimiz açıqlamasında Türk Dövlətləri Təşkilatının güclü beynəlxalq qurum olması üçün davamlı addımların atılmasının vacib olduğunu bildirib: “Eyni zamanda, hesab edirəm ki, vahid türk dilinin inkişafı üçün Orta Asiya respublikalarında Türkiyə tərəfindən orta məktəblər yaradılmalı, orada türkcə təhsil verilməli, türk dünyası üçün bacarıqlı gənclər yetişdirilməlidir. Təbii ki, ortaq universitetlərin yaradılması da vacibdir. Heç şübhəsiz bu tip məktəblərin və universitetlərin Azərbaycanda da yaradılması ümumi işimizin xeyrinə ola bilər”.
Ömər Koşar onu da deyib ki, ümumiyyətlə Türk Dövlətləri Təşkilatı təhsil sahəsinə xüsusi diqqət yetirməlidir: “Hesab edirəm ki, qədim türk tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı gələcəyin türkoloqlarının yetişdirilməsinə diqqət ayrılmalıdr. Yəni türk dünyasının bütün nöqtələrindən bacarıqlı, bilikli gənclər seçilməli onlar dediyim sahələr üzrə mütəxəssis kimi yetişdirilməlidır. Bunlar həm türk dilinin inkışafına, həm türk tarixinin dərindən araşdırılmasına, həm də türk ədəbiyyatının inkişafına töhfə verəcək güclü kadrlar kimi təhsil almalıdırlar. Eyni zamanda, türdilli xalqlar bir-birinin ləhcəsini də dərindən öyrənməlidir. Məsələn, deyək ki, qazaxlar qırğız türkcəsini, türkmənlər Azərbaycan türkcəsini, özbəklər Türkiyə türkcəsini öyrənməlidir ki, xalqlar daha dərindən inteqrasiya etsinlər. Təbii ki, dediyim kimi bu işi görmək üçün də qədim türk dilini, mədəniyyətini, tarixini bilən gənclər yetişdirilməlidir. Gənclərin yetişdiirlməsi ilə yanaşı ölkələrdə dil, mədəniyyət, ədəbiyyat mərkəzləri də yaradılmalıdır. Sadə insanlar o mərkəzlərin yaradacağı şəraitdən istifadə edib dil və ədəbiyyatla bağlı kurslara gedə, filmlərə baxa bilərlər. Bir sözlə, türk dünyasında siyasi, iqtisadi birliyin güclənməsi üçün xalqlar arasında dil, mədəniyyət birliyini də gücləndirmək vacibdir”.