Bayraqdar.info – Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ümumi çəkisi 218 kiloqram 334 qram olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə bayraqdar.info-ya noyabrın 15-də Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
“Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana “maye sabunlar və uşaq bezi” yükü gətirən “Scania” markalı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib. Yük nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilən zaman avtomobilin dartıcısının sol və sağ tərəfində yanacaq çənlərinin hər ikisinin içərisində şübhəli cizgilər müşahidə olunub.
“Bundan sonra yük avtomobili ətraflı yoxlanılarkən çənlərin hər ikisinin içərisinin sonradan kustar üsulla metal lövhə ilə üç hissəyə bölündüyü məlum olub. Yoxlama məqsədilə yanacaq çənləri köməkçi alətlər vasitəsilə sökülüb. Baxış zamanı üç hissəyə bölünmüş sol çənin sağ hissəsindəki xüsusi saxlanc yerindən 48 ədəd, dartıcının sağ tərəfində olan yanacaq çəninin içərisindəki xüsusi saxlanc yerindən isə 157 ədəd ümumilikdə 205 ədəd təqribən eyni ölçülü və düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Həmin bağlamalar açılıb və içərisində preslənmiş halda, açıq-qəhvəyi rəngli, ümumi çəkisi 218 kq 334 qram narkotik vasitə-heroin olduğu müəyyən edilib.
“Qeyd edək ki, aşkarlanan heroinin Avropanın qara bazarında dəyəri 26 milyon manat təşkil edir.
“Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.