Bayraqdar.info – “Türkiyənin də siyasi-mənəvi dəstəyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər bütün türk dünyasının dövlətçilik tarixində yeni şanlı səhifə açıb”. Bu fikirlər Türkiyənin İğdır şəhərində Azərbaycan Evinin açılış mərasimindəki çıxışlar zamanı səsləndirilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 15-də Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd edilib ki, mərasim Dövlət Komitəsi və İğdır Azərbaycan Dil, Tarix Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.
Vurğulanıb ki, mərasim Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi, Qarabağ və türk dünyası şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb: “Tədbirə İğdır valisi H. Engin Sarıibrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev başda olmaqla komitənin nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin üzvləri Şamil Ayrım və Yaşar Karadağ, Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz, İğdır Universitetinin rektoru M. Hakkı Alma, İğdır Əmniyyyət Müdiri Oğuzhan Yonca, İğdır Jandarma Komandanı Nejdet Karaca, Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri qatılıb.
Çıxışlarda iki ölkəınin qardaşlıq əlaqələrindən bəhs edilib. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələrini xatırladan natiqlər diqqətə çatdırıblar ki, Azərbaycan-Türkiyə qardaşlığı sayəsində əldə olunan böyük nəticələr, o cümlədən tarixi Zəfər dahi şəxsiyyətlərimizin ruhunu şad edir.
Əminliklə ifadə olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, liderlərin qətiyyətli qərarları iki qardaş ölkənin birgə inkişafını təmin edib. Bildirilib ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini, ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəyliyin göstərilməsi məqsədilə səylərin birləşdirilməsini, habelə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə fəaliyyətini zəruri edir”.
Tədbirdə İqdır Azərbaycan Evinin işinə uğurlar arzu edilib. Əminliklə vurğulanıb ki, bura İqdırda və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, eləcə də bütün Azərbaycansevərlər üçün doğma məkana çevriləcək. Sonra Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, yazar-jurnalist Sərdar Ünsala “Diaspor fəaliyyətində fərqlənməyə görə” medalını təqdim edib.
Qeyd edilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti İğdırın qurtuluşunun 101-ci ildönümü münasibətilə keçirilən rəsmi və bədii tədbirlərə də qatılıb. Kazım Qarabəkir İdman Salonunda keçirilən bədii tədbirdə Azərbaycan və türk xalq musiqisi, bəstəkar mahnıları, iki qardaş ölkənin ortaq tarixini və mədəniyyətini əks etdirən səhnəciklər nümayiş etdirilib. Tədbirlərə atəşfəşanlıqla yekun vurulub.