Son yeniləmə: 15 Noyabr 2021 14:11
Bayraqdar.info – Neçə gündür ki, havaların soyuq keçməsi ilə əlaqədar istilik təchizatı məsələsi həm dövlət müəssisələrində, həm də mənzillərdə problemə dönüb. COVID-19 pandemiyasının tüğyan etdiyi bir dövrdə, qrip virusunun geniş yayıldığı bir zamanda evlərdə, məktəb və bağçalarda, idarələrdə istiliyin olmaması insanları bir az da çıxılmaz duruma düşürüb. Adamlar bilmir ki, soyuq iş yerində pandemiya və qriplə necə mübarizə aparsın. Nazirlər Kabineti də sovet dönəmindən qalma bir qərara əməl etməkdə dirəniş göstərərək havaların çox soyuq keçməsinə baxmayaraq, Bakıda və digər regionlarda istiliyin verilməsi qərarını yenə noyabrın 15-nə saxladı. Yalnız dağlıq rayonlarda istiliyin noyabrın 1-dən verilməsinə başlanılıb.
Noyabrın 15-dən mənzillərdə istiliyin verilməsi elan edilsə də, bəzi mənzillərdə istiliyin olmaması vətəndaşlarda narazılıq yaradır.
Məsələ ilə əlaqədar “Azərisitliktəchizat” ASC-nin əməkdaşı Rafiq Əliyev bayraqdar.info-nun sualını cavablandırıb. O bildirib ki, hazırda qazanxanalar yeni işə salınıb: “Noyabrın 15-də gün ərzində qazanxanaların tam rejimdə işləməsi təmin olunacaq. Qazanların texnoloji istismar parametrləri birdən-birə yüksək temperatur qoymağa imkan vermir. Ona görə də gün ərzində qazanxanalar tam rejimdə çalışmağa başlayacaq.”
R.Əliyevin sözlərinə görə, vətəndaşların mənzillərində istilik təchizatı ilə bağlı problem olarsa, “Azəristiliktəchizat” ASC-nin 956 çağrı mərkəzinə müraciət edə bilərlər. Çağrı mərkəzi 24 saat ərzində fəaiyyət göstərir. “Müracəit olunan mənzillərə bizim mühəndislər tərəfindən baxış keçiriləcək və istiliyin zəifləmə formaları müəyyənləşdirilərək dəstək göstəriləcək. Əgər problem bizim təşkilatdan qaynaqlanırsa, dərhal aradan qaldırırılır. Əgər problem vətəndaşın və ya qonşunun mənzilindən qaynaqlanırsa, o zaman maarifləndirmə işləri aparılır. Lazım gəldikdə isə, istilik sistemləri dəyişidirilir”.
R.Əliyevin sözlərinə görə, istilik mövsümü Respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən işə düşüb. İstiliyin verilməsi digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15 -dən başlanılıb: “Bu mövsümdə Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 min 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 min 980 digər sosial və təsərrüfat obyektinin istiliklə təmin edilməsi nəzərdə tutulur”.
“Azəristiliktəchizat” ASC-nin əməkdaşı bildirir ki, istilik mövsümündən əvəl 554 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 531 odluq təmir olunub, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir edilib, 1 min 190 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1 min 810 kv. m izolyasiya örtüyü və 925 kv. m kərpic örtüyü təmir olunub. İstilik şəbəkələrində 22 min 779 ədəd siyirtmə və ventil təftiş edilib, onlardan 12 min 916 ədədi əsaslı və cari təmir olunub, 825 ədədi isə yenisi ilə əvəz edilib. Magistral və məhəllədaxili istilik xətlərində 16 min 732 kv. m istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11 min 018 kv. m dam örtüyü təmir edilib. Bundan başqa, 474 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla təmizlənib, 590 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-Kationit süzgəclərində 7 ton Kationit materialları dəyişdirilib.
İsitilik təchizatı mövsümü başlamazdan öncə 990 km-lik istilik xətti yuyulub və hidravlik təzyiqlə yoxlanılıb. 8 min 400 m-ə yaxın məhəllədaxili və magistral istilik xətti əsaslı təmir olunub, 371 km-lik istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb.
R.Əliyevin sözlərinə görə, bundan başqa, 1 min 893 ədəd qoruyucu klapan və 2 min 246 ədəd əks klapan, 515 ədəd ehtiyat su çəni təftiş və təmir olunub. 2 min 970 ədəd çirktutan təmizlənib və Cəmiyyətə aid qaz təsərrüfatı təftiş olunaraq cəmiyyətin balansında olan 155 km-lik qaz xətti və 485 ədəd qaz kəsici klapan yoxlanılıb. 1 min 809 ədəd qaz tənzimləyici yoxlanılaraq təmizlənərək istismara yararsız olanlar yenisi ilə əvəz edilib.
Cəmiyyətə məxsus 230 qazanxana və istilik məntəqəsində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb ki, bu da Bakı şəhəri və Respublikanın regionlarında qazanxana və istilik məntəqələrinə uzaqdan nəzarət etməyə imkan verir.