Press "Enter" to skip to content

Ey Turan! KKTC-nin 38-ci ildönümünə

Nadir AZƏRİ

Bayraqdar.info – Bu gün 15 noyabr Kuzey Kıbrıs Türk Cümhuriyyətinin elan olunmasının 38-ci ildönümüdür. Düz 38 il öncə Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın öndərliyi ilə Kıbrıs Türk Federal Dövləti Məclisi KKTC-nin qurulduğunu elan etdi.

Əslində, KKTC-nin yaranması tarixi zərurətdən doğurdu. Çünki ötən əsrin 60-cı illərindən etibarən rum-yunan cütlüyünün Kıbrıs türklərinə qarşı həyata keçirdiyi təzyiq, soyqırımı siyasətinə son qoymaq üçün reallaşdırılan 1974-cü il Kıbrıs Barış Hərəkatından sonra adada yeni vəziyyət yarandı. 13 fevral 1975-ci ildə Kıbrıs Türk Federal Dövlətinin yaradıldığı elan edildi. Lakin adadakı rumların Kıbrısda hakim xalq iddiasından əl çəkmədiyini görən türklər yeni və müstəqil dövlətin elan edilməsindən başqa çıxış yolunun olmadığını gördülər. Beləliklə də 1983-cü il noyabrın 15-də KKTC rəsmən elan edildi.

Bu münasibətlə Kıbrıs türk xalqını təbrik etməklə yanaşı, vurğulamağı borc bilirik ki, bu yazımız heç də bütövlükdə KKTC-yə həsr edilməyib. Amma köşəmizin mövzusu, eyni zamanda KKTC-yə də aid olan bir məsələ haqqındadır. Söhbət yaranması 12 noyabra təsadüf edən Türk Dövlətləri Təşkilatından gedir. Çünki Kıbrıs türkləri də türk dünyasının bir parçasıdır və gec-tez KKTC də Türk Dövlətləri Təşkilatının üzvü olacaq.

Səbrlə əldə edilən uğurda Azərbaycan imzası

Beləliklə, türk dünyası olaraq bu uğuru heç də asanlıqla əldə etmədik. Mərhum şairimiz Zəlimxan Yaqubun “Dünya türkün olacaq!” şeiri sanki bu günə kimi gəlinən yolun və bundan sonra atılması gözlənilən addımların bir öncəgörümü, bir xəritəsidir.

Z.Yaqub həmin şeirində deyirdi ki, “tələsməyin, təntiməyin, çaşmayın”. Biz də tələsmədik. Şairin dediyi kimi, yoldaşımız səbr oldu. Bu birliyə aparan yolu ilmə-ilmə toxuduq. Mərkəzində Türkiyə-Azərbaycan qardaşlığı dayanan vahid türk – Turan birliyinə doğru addım-addım yaxınlaşdıq.

Bu gün biz qürurla deyirik ki, türk birliyinin, gələcəyin Turanının yaranmasında Azərbaycanın xüsusi imzası var. Çünki Türk Dövlətləri Təşkilatının sələfi olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Keneşi) məhz türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Eyni zamanda, Türk Keneşinin Türk Dövlətləri Təşkilatı adlandırılması haqqında təşəbbüs də məhz Azərbaycanın təşkilata sədrliyi dönəmində irəli sürülüb.

Ən nəhayət, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər eyni zamanda türk dünyasının daha sıx inteqrasiyasına da təkan verdi.

Şəhid verdik, qurban verdik, can verdik

Bəli, biz türk birliyinə nail olmaq üçün uzun illər səbr etdik, gözlədik. Özü də sadəcə gözləmədik. Eyni zamanda, bu yolda türk dünyası olaraq çoxsaylı qurbanlar, şəhidlər verdik. Dəhşətli 37-ci il represiyaları zamanı yazısında, şeirində, romanında “türk” sözünü işlədən, yaxud da türkcə bir kəlmə yazan aydınlarımız sürgün edildi. Yaxud da güllələnərək şəhid edildi.

Ondan öncə də çar Rusiyası dövründə türk dili, türk həmrəyliyi barədə danışan ziyalılar müxtəlif bəhanələrlə təqib edildi, xalqdan ayrı salındı.

Lakin nə türk dünyasının ziyalıları, nə də sadə xalq türk – Turan birliyinə gedən yoldan dönmədi. Şairin təbirincə desək, şəhid, qurban, can verdi. Sonda da 12 noyabr İstanbul Zirvəsi ilə yeni Birlik Tarixi yazdı.

Böyük Turana gedən yol azad Təbrizdən keçir

Turandan danışarkən mərhum şairin həmin şeirindəki “Vaxt Təbrizin, dünya Ərkin dünyası” kəlamını da xatırlatmaq yerinə düşər. Çünki artıq həm də Təbrizin, özü də azad Təbrizin zamanı yetişib. Belə demək mümkünsə, Böyük Turana gedən yol həm də azad Təbrizdən keçir. Bunu dostlarımız da, düşmənlərimiz də yaxşı bilir.

Dostlarımız Təbrizin azad olması üçün üzərlərinə düşən bütün işləri görməyə hazırdır.

Düşmənlərimiz isə Təbrizin gec-tez azad olacağını bildikləri üçün buna mane olmaq istəyir. Lakin onlar heç nəyə nail ola bilməyəcək. Güney Azərbaycan Milli Azadlıq Hərəkatı fəallarının da dedikləri kimi, Türk Dövlətləri Təşkilatının yaranması Güney Azərbaycan türklərinin azadlıq hərəkatına əlavə stimul verir və bu stimul tezliklə özünü real nəticədə göstərəcək.

Atillanın ruhu

Hesab edirik ki, Türk Dövlətləri Təşkilatının yaranmasında başda Azərbaycan və Türkiyənin dövlət başçıları olmaqla türk ölkələri rəhbərlərinin qətiyyəti mühüm rol oynadı. Eyni zamanda, bu birliyin yaranmasında, bu təşkilatın formalaşmasında Atillanın ruhunun təcəssüm etdiyini də demək mümkündür.

Türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri, “Avropanın imperatoru” titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı Atillanın adını təsadüfən çəkmədik. Çünki 12 noyabrda İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə və Türk Keneşi Baş Katibliyinin yeni binasının açılış mərasimində iştirak edənlər arasında Macarıstanın Baş naziri Viktor Orban da vardı.

Məsələ burasındadır ki, özlərini Atillanın nəvələri sayan macarlar 2008-ci ildən etibarən iki ildən bir keçirilən Hun-Türk qurultayına ev sahibliyi edir. Böyük Turan qurultayı da adlanan bu tədbir zamanı dünyanın müxtəlif yerlərindən türklər bir araya gəlir. Qurultay ideyasının müəllifi və əsas təşkilatçısı tanınmış macar antropoloqu, Macar Turan Vəqfinin başqanı Andraş Birodur. Əgər bu gün Macarıstanın baş naziri Türk Dövlətləri Təşkilatının yaranması tədbirində iştirak edirsə və Macarıstan bu təşkilatın müşahidəçi üzvü olursa, burada Atilla ruhunun, bu ruhun müasir daşıyıcısı Andraş Bironun da rolu var desək, heç də yanılmarıq.

Heç şübhəsiz, bu gün Atillanın ruhundan güc alan Macarıstan Türk Dövlətləri Təşkilatında təmsil olunmaqla həm də yeni təşkilatın Avropada tanınması və qəbul edilməsində mühüm rol oynayacaq. Həmçinin, Türk Keneşinin Budapeştdəki ofisi tezliklə Türk Dövlətləri Təşkilatının Avropa mərkəzi kimi fəal addımlar atacaq.

Ailə rəsminin tamamlanması üçün KKTC

Yazımızı girişdə müraciət etdiyimiz KKTC mövzusu ilə tamamlamaq istərdik. Türkiyə Cümhurbaşqanı Recep Tayyib Erdoğan noyabrın 12-də keçirilən Türk Keneşinin VIII Zirvə Görüşündəki çıxışının sonunda KKTC ilə bağlı vacib məqama da toxunub: “Ailə rəsmimizi zənginləşdirmək üçün qarşıdakı dövrdə Kuzey Kıbrıs Türk Cümhuriyyətini də aramızda görməyi səmimiyyətlə arzu edirik. Türk dünyasının ayrılmaz bir parçası olan Kıbrıs türklərinin məruz qaldığı təcrid və yasaqların yüngülləşdirilməsində sizin dəyərli dəstəklərinizə ümid edirəm”.

Hesab edirik ki, Türk Dövlətləri Təşkilatında, gələcək Turan Birliyində ailə rəsminin tam olması üçün tezliklə KKTC də bu quruma üzv qəbul edilməlidir.

One Comment

  1. Cavid Aydın Cavid Aydın 15 Noyabr 2021 18:32

    Qələminizə qüvvət!. Turan’a gedən yol Vahid Azərbaycan’dan keçir.

Comments are closed.

Mission News Theme by Compete Themes.