Press "Enter" to skip to content

Diş xəstəllikləri COVID-19-un ağırlaşmalarına səbəb ola bilər

Son yeniləmə: 15 Noyabr 2021 14:58

Bayraqdar.info – Həmsöhbətimiz Ə.Əliyev adına ADHTİ-nin dosenti, həkim-stomatoloq Cavid Əhmədbəylidir. O bildirir ki, diş əti xəstəlikləri hətta COVID-19-un fəsadlarının ağırlaşmasına səbəb ola bilər.

 “Gingivit, parodontit və peri-implantit dünyada yüz milyonlarla insana təsir edən qeyri-yoluxucu xroniki iltihabi diş əti xəstəliklərdir. Yayılma intensivliyinə görə dünyada 6-cı yeri tutur və 800 milyona yaxın insan (dünya əhalisinin təxminən 10%-i, yaşı 35-dən çox olan insanların 80%-i) bu xəstəlikdən əziyyət çəkir. Müalicə edilmədiyi halda dişlərin və implantların itkisinə səbəb olur, bu da insanlarda düzgün qidalanma çətinliyi, nitq qüsuru, özünə inamın azalması və həyat keyfiyyətinin aşağı düşməsi deməkdir. Baxmayaraq ki, diş əti xəstəlikləri ilə şəkərli diabet, ürək-damar xəstəlikləri, xroniki böyrək çatışmazlığı, revmatoid artrit, Alzheimer xəstəliyi, xərçəngin bəzi növləri, hamiləlik ağırlaşmaları və hətta COVID-19-un fəsadlarının ağırlaşmasına səbəb ola biləcəyi təsdiq edən müxtəlif elmi tədqiqatlar mövcuddur. Diş əti xəstəliyi ictimaiyyət tərəfindən hələ də az tanınır”, – deyə həkim qeyd edir.

C.Əhmədbəylinin sözlərinə görə, müalicə olunmamış diş əti xəstəlikləri olan hamilə qadınlar preeklampsiya (hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi), vaxtından əvvəl (37-ci həftədən əvvəl) doğuş və normadan az çəkidə uşağın dünyaya gəlməsi kimi risklərə məruz qalır. Bu nəticələrin bəziləri eyni vaxtda baş verə bilər.

“Hamiləlikdən əvvəl qadınlarda ağız boşluğu muayinəsi mütləq aparılmalıdır. Dişlər və implantlar ətrafında hər hansı xəstəlik əlamətləri olduqda müalicələr tətbiq olunmalıdır. Hamiləlik dövründə ağız boşluğu sağlamlığının təmin olunması məqsədilə gün ərzində istifadəsi tövsiyə olunan fərdi gigiyena vasitələri haqqında ətraflı məlumat və təlim verilməlidir.

“Hamiləlik sırasında diş əti xəstəliklərinin qarşısının alınması üçün mütəmadi olaraq gündə iki dəfə dişlərin və diş ətinin yumşaq fırça ilə fırçalanması, dişlərarası fırça/diş ipinin istifadə olunması ilə ağız boşluğunun yüksək səviyyəli gigiyenasının təmin olunması tövsiyə olunur. Həkim-parodontoloq tərəfindən ağız boşluğunun periodik müayinəsi və diş əti müalicəsi hər 4 ayda bir tətbiq olunmalıdır”, – deyə həkim vurğulayır.

Həmçinin, stomatoloqun qeyd etdiyinə görə, qadınlarda ağız boşluğu müayinəsi mütəmadi müayinələr siyahısına daxil edilməlidir. Hamiləlik zamanı diş əti xəstəliklərinin mümkün riskləri və bu xəstəliklərin müalicəsinin bu risklərin aradan qaldırılmasına müsbət təsiri barədə qadınlara ətraflı məlumat verilməlidir. Müayinə sırasında diş əti nahiyəsində qanamaların, xoşagəlməz qoxu, iltihab kimi əlamətlərin qiymətləndirilməsi üçün xəstənin ağzını açmasını xahiş etməli və birbaşa işıq altında ağız boşluğunun vəziyyətini yoxlamalıdırlar. Bu əlamətlərdən hər hansı birinə rast gəlinərsə mövcud diş əti xəstəliklərinin diaqnozu və müalicənin təyin edilməsi üçün xəstə həkim-parodontoloqa yönləndirilməlidir. Həmçinin, hamiləliyin gedişinə və diş əti sağlamlığına, siqaret istifadəsi və şəkərli diabet kimi, mənfi təsir edən risk amillər tənzimlənməlidir və sağlam həyat tərzinə üstünlük verilməsi təbliğ olunmalıdır.

Qeyd: Yazı Səhiyyə Nazirliyinin göndərdiyi material əsasında hazırlanıb.

Mission News Theme by Compete Themes.