Son yeniləmə: 15 Noyabr 2021 16:09
Bayraqdar.info – Heç kimə sirr deyil ki, bəzi vəzifəli şəxslər dövlətin büdcəsindən pul mənimsəmək üçün qohum-əqrəbalarının adlarını işçi ştatına salır, onlardan isə işə gəlmək tələb edilmir. Qısa kəlməylə, müdir adını işçi kimi yazdırdığı şəxslərin maaşını özü götürür. Bu, hər iki tərəfə sərf edən variantdır. Çünki adı ştatda işçi kimi gedən şəxs maaş almasa da, onun stajı yazılır ki, bu da ona gələcəkdə pensiyaya çıxmaqda böyük kömək olur. Digər tərəf isə işçinin adına yazılan pulu rahatca mənimsəyir və özünə rahat həyat qurur. Hər iki halda zərbə dövlət büdcəsinə dəyir.
Yaxşı ki, dövlətin güc strukturları belə hallarla mübarizə aparır və vəzifədən sui-istifadə edənləri həbs edirlər. Amma belə halların baş verməməsi üçün başqa addımlar da atmaq olar. Məsələn, maaşları elə səviyyəyə gətirmək olar ki, belə hallar yaşanmasın. Təəssüf ki, bu, bizim öıkədə hələ mümkün deyil. Lakin, mümkün olacağı gün də uzaqda deyil.
Baş Prokurorluğun noyabrın 15-ndə verdiyi açıqlamaya nəzər yetiririk. Açıqlamada bildirilir ki, Astara rayonu, Suparibağ kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Gülnarə Məcidovanın qanunsuz əməlləri ilə əlaqədar müraciətlər daxil olub. Vətəndaş müraciəti əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla G.Məcidovanın qeyd olunan vəzifədə işləyərkən 2017-2020-ci illər ərzində rəhbərlik etdiyi müəssisənin 3 işçisinin faktiki olaraq işə gəlmədən əmək funksiyalarını icra etməməsinə baxmayaraq, rəsmi sənədlərə onların guya işə çıxması haqqında qeydlər edilib. Bağça müdirəsi həmin “işçilər”in əməkhaqqı kartlarını özündə saxlayaraq, köçürülmüş 14 min manat pulu qanunsuz olaraq ələ keçirib.
İş üzrə toplanmış sübutlar əsasında bağça müdirəsi barəsində CM-nin 3 maddəsi ilə (179.2.3 – qulluq mövqeyindən istifadə etməklə mənimsəmə, 179.2.4 – xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və 313 vəzifə saxtakarlığı maddələri ilə) cinayət işi açılıb.
Baş Prokurorluq bildirir ki, cinayət işi noyabrın 15-də yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib. İstintaq zamanı dəymiş ziyanın tam ödənilməsi təmin edilib.