Press "Enter" to skip to content

38 il öncə KKTC necə elan edildi? – Şahidlər danışır

Son yeniləmə: 15 Noyabr 2021 02:15

Bayraqdar.info – 15 noyabr Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) elanının 38-ci ildönümüdür. Bəs, həmin vaxt başqa variant mümkün idimi? KKTC elan olunmasaydı nə ola bilərdi?

Qeyd edək ki, KKTC-nin elanı dönəminə şahidlik edənlər Anadolu Agentliyinə açıqlamalarda bu və digər suallara cavab veriblər.

15 noyabr 1983-cü ildə KKTC elan edildikdə fəal siyasətlə məşğul olan, keçmiş baş nazirlərdən biri Hakkı Atun, Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın İctimaiyyətlə əlaqələr müdiri, Nəqliyyat Nazirliyi və Girne Bələdiyyə rəhbəri kimi vəzifələrdə çalışmış Erdinç Gürçağ və jurnalist-yazar Akay Cemalın fikirlərinin bayraqdar.info oxucuları üçün də maraqlı olacağını nəzərə alaraq, həmin fikirləri qısa ixtisarlarla təqdim edirik.

Hakkı Atun: O vaxtdan bəri heç nə dəyişməyib

Hakkı Atun Kıbrıs danışıqlarının başladığı 1968-ci ildən, KKTC-nin qurulduğu 1983-cü ilə qədər Qurucu Cümhurbaşqanı Rauf Denktaşın dəfələrlə barışıq nöqtəsinə gəldiyini, lakin rum tərəfinin belə bir niyyətinin olmadığını deyib.

Federasiya modelinin artıq rum tərəfini qane edən, Kıbrıs türklərinə bərabərlik verən bir düstur olmadığını xatırladan H.Atun, bu səbəbdən müstəqilliyin açıq şəkildə elan edilməsinın lazım olduğunu və cümhuriyyətin elan edildiyini bildirib: “15 noyabr 1983-cü ildə üzvü olduğum parlament yekdilliklə KKTC-ni elan etdi. O vaxtdan bəri heç nə dəyişməyib”.

KKTC-nin elan edilməsinə qədərki prosesin çox gizli saxlanıldığını vurğulayan H.Atun bunun R.Denktaş tərəfindən planlaşdırıldığını və az adamın bildiyi bir fəaliyyət olaraq həyata keçirildiyini qeyd edib: “R.Denktaş üçün KKTC-nin elan edilməsindən başqa alternativ yox idi. Təbii ki, biz indi bu yola getməliydik. Əgər o zaman bu addımı atmasaydıq bu gün Cümhurbaşqanı Ersin Tatarın Türkiyənin dəstəyi ilə həyata keçirdiyi siyasi düsturu ortaya çıxara bilməzdik”.

KKTC-nin elan ediləcəyini eşidən xalqın Cümhuriyyət Məclisinin qarşısına axışdığını xatırladan H.Atun, R.Denktaşın parlamentdə çox təsirli çıxış etdiyini və bundan çox təsirləndiyini bildirib.

Erdinç Gürçağ: Bütün danışıqlarda qarşı tərəf dövlət, biz isə camaat statusunda idik

Keçmiş nazir Erdinç Gürçağ isə deyib ki, göz yaşı, qan və iztirablardan bəhs etmədən KKTC-nin qurulmasından danışmaq mümkün deyil.

Müstəqil KKTC-nin yekdilliklə qurulduğunu və dünyaya elan edildiyini bildirən E.Gürçağ, “Bu lazım idi. Bütün danışıqlarda qarşı tərəf dövlət, biz isə camaat statusunda idik. Ona görə də bu tarazlığa nail olmaq üçün dövlət quruculuğu istiqamətində yaxşı addım atıldı və bu yaxşı idi. Bu gün tanınmasaq da, dövlətimizin Kıbrısda varlığı var. KKTC dövlətinin bərabərhüquqlu, suveren dövlə kimi qəbul edilməsi bizim üçün zəruridir” deyib.

“Denktaş bəy əla diplomat və dövlət xadimi idi. Denktaş bu işin Türkiyəsiz mümkün ola bilməyəcəyinə ürəkdən inanan bir lider idi” , – deyə, o əlavə edib.

Akay Cemal: Bu dövlətin Türkiyənin himayəsi və dəstəyi ilə qurulması qaçılmaz idi

Jurnalist-yazar Akay Cemal da KKTC-nin elan edilməsinin qaçılmaz olduğnu bildirib: “Akritas Planı olaraq hazırlanan və 21 dekabr 1963-cü ildə tətbiq edilən plan çərçivəsində Kıbrıs türklərinin bir gecədə məhv edilməsi, bu ərazinin Yunanıstana birləşdirilməsi və Krit kimi Enosisin həyata keçirilməsi qərara alındı. Bu səbəbdən Kıbrıs Cümhuriyyəti sağ qala bilmədi”.

1963-1974-cü illərdə Kıbrıs türklərinin çox əziyyət çəkdiyini xatırladan A.Cemal, adada qaçqın durumuna düşdüklərini, şəhidlər verdiklərini, Türkiyənin dəstəyi ilə müqavimət göstərdiklərini qeyd edib.

A.Cemal bildirib ki, rumların davranışlarından qəzəblənən R.Denktaş “Daha belə davam edə bilməz, bizimlə ələ salırlar, ona görə də indi dövlətimiz olmalıdır” deyərək bu yola çıxdı: “KKTC-nin elanı zəruri və məcburi idi. Ana vətən Türkiyənin dəstəyi və himayəsi ilə bu dövlətin qurulması, yeni səhifənin açılması qaçılmaz idi”.

Mission News Theme by Compete Themes.