Son yeniləmə: 15 Noyabr 2021 17:39
Bayraqdar.info – Əməkdar artist Nahidə Orucova yubileyini sevimli tamaşaçıları ilə qeyd edib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin ölməz əsəri, şərqin ilk operettası – “Ər və arvad” musiqili komediyası nümayiş olunub.
Səhnə əsərinin bu dəfəki nümayişi Teatrın tanınmış aktrisası, Əməkdar artist Nahidə Orucovanın 60 illik yubileyi münasibəti ilə təqdim olunub.
Xəbər bayraqdar.info-ya Teatrın Mətbuat xidmətindən verilib.
Tamaşadan öncə tanınmış telejurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı sevilən aktrisanın səhnə fəaliyyətindən danışıb.
Nahidə xanım bu tamaşada Minət xanım obrazını canlandırıb və onunla yanaşı, Xalq artistləri – professor İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Ələkbər Əliyev, aktyorlar – Gülcahan Salamova, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və başqaları eyni səhnəni bölüşüblər.
Teatrdan qeyd edilib ki, Nahidə Mülük qızı Orucova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1993-cü ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayan istedadlı aktrisa indiyədək bir-birindən maraqlı obrazlar qalereyası yaradıb, saysız filmlərə çəkilib. N.Orucova 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 2013-cü ildən isə Prezident Mükafatçısıdır.