Press "Enter" to skip to content

İran bölücü ermənilərə söz demir, Azərbaycanın üstünə gəlir…

Zəfər Gününə həsr edilmiş 500 manatlıq əskinas

Bayraqdar.info – Bu yaxınlarda, daha dəqiq desək noyabrın 4-də Azərbaycan Mərkəzi Bankı 500 manatlıq yeni əskinasın dövriyyəyə buraxıldığını elan etdi. Hazırda ən böyük dəyəri olan əskinasın üzərində 2020-ci ilin 44 günlük Qarabağ savaşının sonucları öz əksini tapıb. Daha doğrusu, bu pul nişanı məhz o böyük Zəfərə həsr edilib.

Təbii ki, Azərbaycanın öz Zəfərini həm də pul nişanının üzərində əks etdirməsi işğalçı Ermənistanı və dünya ermənilərini özündən çıxarmalıydı və çıxardı da. Başa düşürük, uduzublar, biabırçı məğlubiyyəti həzm edə bilmirlər və dəxli oldu-olmadı hər şeyə ilişib özlərini vəziyyətdən çıxarmağa – içlərindəki kini püskürməyə çalışırlar.

Ermənilər öz yerində. Bəs bizim “müsəlman qardaş”ımız İrana nə düşüb? Niyə İranda da Azərbaycanın yeni pul nişanını topa tuturlar? Niyə iddia edirlər ki, Azərbaycan bu əskinasın üzərində tarixin bütün dövrlərində özünə aid olan, Bütöv Azərbaycanın bir parçası – tarixi mirası sayılan Xudafərin körpülərindən birini əks etdirməməlidir? Axı bütün dünya bilir və qəbul edir ki, o körpülərin hamısı tarixən Azərbaycanın olub. İndi nə olsun ki, Azərbaycanın böyük bir hissəsi – Araz çayından Güneydəki kəsimi İranın işğalı altındadır? Əgər bu gün Azərbaycanın bir kəsimi başqa bir ölkənin işğalı altındadırsa biz öz tarixi mirasımızdan imtina etməliyik?

Hələ bunu da bir tərəfə qoyaq. Necə olur ki, İranın başında duran “müsəlman qardaş”larımız ermənilər rəsmən işğal altında tutduqları dönəmdə Xudafərin körpüsünü öz “pul nişanlarına” həkk etdirəndə səslərini çıxarmır, amma Azərbaycan öz tarixi mirasına belə yanaşanda vay-şivən salır?

Qarabağ bölücülərinin 10 dramlıq “pul nişanı”

Düzdür, indi çıxıb deyəcəklər ki, o “pul nişanı” heç kimin tanımadığı – qəbul etmədiyi və Ermənistanın işğalı altında olan Qarabağa aid idi. Olsun. Amma ən azından o iddiaya görə bizdən Güneydəki “müsəlman qardaş”larımız – İran səsini qaldırmalı idi. Qaldırmayıb heç vaxt!

Bu isə o deməkdir ki, İran yenə də ermənilərlə cici-bacı olduğunu göstərmək üçün Azərbaycanın 500 manatlıq əskinasına sataşır. Amma səhv edir. Çünki gec-tez o əskinasın üzərindəki körpü Bütöv Azərbaycanın birləşmə rəmzi kimi rəsmiləşəcək…

Mission News Theme by Compete Themes.