Son yeniləmə: 13 Noyabr 2021 15:22
Bayraqdar.info – “Naxçıvan anlaşması ilə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Keneşi) noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşündə tarixi bir addım ataraq Türk Dövlətləri Təşkilatı oldu. Bununla da türk dünyası yeni bir dönəmə qədəm qoydu. İstanbul Zirvəsini önəmli və anlamlı edən əsas məqam isə bu ali toplantının Azərbaycanın tarixi Zəfərindən sonra keçirilməsi idi”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
İstanbul Zirvəsi tarixə düşdü
Onun sözlərinə görə, 2020-ci il türk ili, Azərbaycan ili, Xarı bülbül idi: “2021-ci ildə də, əslində bu duyğu və düşüncələrlə türk dünyasının birliyinin, bərabərliyinin gücünün artması davam edir. Məncə 2021-ci ildə də türk dünyası ili anlamında gözəl fəaliyyətlərə, gözəl işlərə imza atılır. Bu baxımdan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatı adlandırılması ilə bağlı qərara sıradan bir qərar kimi yanaşmaq düzgün olmazdı. Bu, müstəqilliyini qazanmış türkdilli dövlətlərin çatdıqları yüksək səviyyə, inkişaf və öz aralarındakı əməkdaşlığın səviyyəsi baxımından tarixi bir faktdır. Bu baxımdan İstanbul Zirvəsi tarixə düşdü”.
Y.Karauz deyib ki, İstanbul Zirvəsində qəbul edilən qərarlar türk dünyasının daha sıx əməkdaşlığını və gələcəyə inamla addımlamasını təmin edəcək: “Türk Keneşinin fəxri sədri, cənab Nursultan Nazarbayev tərəfindən başladılan “Türk dünyasına baxış – 2040” sənədinin strateji bir proqram olaraq qəbul edilməsi çox önəmli məsələdir. Bu, ortaya qoyulan hədəfin strateji bir sənəd olaraq gələcəyə daşınması baxımından böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının 2022-2026-cı illər üzrə strateji yol xəritəsinin hazırlanmasına dair təlimatın verilməsi artıq bütün sahələrdə irəli sürülən təkliflərin əməldə həyata keçirilməsi üçün addımların atıldığına işarə edir. Həmçinin, Türk Dövlətləri Təşkilatının digər dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirməsinə dair proqramın müəyyən edilməsi bu qurumun gələcək dönəm üçün dünya miqyasında təsirinin artmasına xidmət edəcək”.
Azərbaycanın haqq davasına dəstək verilməsi türk dünyasının gücünü daha da artırdı
Y.Karauz bildirib ki, Azərbaycanın haqq davasına dəstək verilməsi türk dünyasının dünya miqyasında dəyərini və gücünü daha da artırdı: “Bu qurumda təmsil olunan dövlətlərin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən işlərdə yaxından iştirak qərarı da yüksək dəyərləndirilməlidir”.
İstanbul Zirvəsində önəmli qərarlar qəbul edildi
Müsahibimiz qeyd edib ki, qəbul edilən qərarlar və səslənən təkliflər baxımından da İstanbul Zirvəsi xüsusilə diqqət mərkəzində oldu: “Beləliklə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi haqqında, Türkmənistana bu qurumda müşahidəçi statusunun verilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış – 2040” sənədinin qəbulu ilə bağlı, “Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu haqqında qaydalara dair, Türk Dövlətləri Təşkilatında tərəfdaşlıq statusunun təsis edilməsi haqqında, Türk Dövlətləri Təşkilatının fəxri sədrinin hüquqları haqqında Qaydalara dair, Türk Şurası Baş katibinin fəaliyyət müddətinin uzadılması və Baş katibin müavinlərinin təyinatları haqqında, Türk Yatırım Fondunun yaradılmasının tamamlanması haqqında qərarlar türk dünyasının daha sıx birliyinə xidmət edir. Eyni zamanda, istər KKTC-yə münasibət, istərsə də Qırğızıstanla Tacikistan arasındakı problemin həlli istiqamətində Qırğız Respublikasının səylərinin dəstəklənməsi, Qırğız Respublikası tərəfindən Zirvəyə təqdim edilən Orta Asiya-Güney Qafqaz platformasının qurulması ilə bağlı fikrin inkişaf etdirilməsi üçün səslənən fikirlər, ortaq maraqlarla bağlı təhlükəsizlik məsələlərində üzv dövlətlərin məsul qurumları arasında Türk Dövlətləri Təşkilatı nəzdində müzakirələrin davamlı olaraq aparılmasının, o cümlədən ölkələr arasında iqtisadi əlaqələrin güclənməsinin vacibliyinin vurğulanması nəzərdən qaçmamalıdır. Həmçinin, hesab edirəm ki, diaspora dair ortaq fəaliyyət strategiyasının ortaya qoyulması xalqlar arasında əlaqələrin gücləndirilməsi baxımından önəm kəsb edir”.
Azərbaycann uğurlarına verilən yüksək dəyər
O da qeyd edilib ki, Zirvə Görüşündə Azərbaycanın beynəlxalq aləmdəki uğurlarının dəfələrlə vurğulanması türk dövlətlərinin Prezident Ilham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlərə verdiyi dəyərin örnəyidir: “Zirvədəki çıxışlarda da qeyd edildiyi kimi, Azərbaycan 2019-2021-ci illərdə Türk Keneşinə uğurla sədrlik edib. Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsi, türk ölkələri və xalqları arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib, Türk Keneşinin digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub. Eyni zamanda, Azərbaycanın istər Qoşulmama Hərəkatına, istərsə də Türk Keneşinə sədrliyi dövründə dünyanı narahat edən COVID-19 pandemiyasına qarşı uğurlu fəaliyyət sərgiləməsi təqdir edilir”.
“Son olaraq qeyd etmək istəyirəm ki, ötən il 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, həmçinin bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə ölkə başçısına Türk Dünyasının Ali Ordeninin verilməsi, cənab Prezidentin bu Ordeni Azərbaycan xalqı adına qəbul etdiyini bəyan etməsi olduqca anlamlıdır. Kaş ki, Zəlimxan Yaqub, İsmayıl bəy Qaspıralı kimi türk ziyalıları yaşayıb bu günləri, türk dünyasının “dildə, fikirdə, işdə birlik” ideyasının artıq gerçək həyatda öz əksini tapdığını görə biləydilər” , – deyə, Y.Karauz sonda bildirib.