Press "Enter" to skip to content

Hulusi Kılıç: Türk dünyası hər keçən gün daha da güclənir

Hulusi Kılıç

Son yeniləmə: 13 Noyabr 2021 14:17

Bayraqdar.info – “Noyabrın 12-si türk dünyası üçün çox tarixi bir gündür. Həmin gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Keneşi) adı rəsmən dəyişdi. Beləliklə, 2009-cu ildə Naxçıvanda qurulmasına qərar verilən Türk Keneşi 12 il sonra VIII Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatı oldu. Daha öncə Türk Keneşi regional bir qurum kimi qəbul edilirdisə, 12 noyabr qərarı ilə Avropa Birliyi kimi beynəlxalq bir təşkilata çevrildi. Yəni, Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq qurum kimi dünya miqyasında ön sıralarda getməkdə iddialıdır və əminəm ki, buna da nail olacaq”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin soy, kök, dil birliyinə əsaslanan bir təşkilatdır. Yəni bu, hərbi blok deyil. Türk dövlətlərinin ümumi inkişafını, daha da sıx əməkdaşlıq etməsini qarşıya məqsəd qoyan bir təşkilatdır.

Prezident İlham Əliyevə Ali Ordenin verilməsi çox anlamlıdır

Hulusi Kılıç deyib ki, VIII Zirvə Görüşünü əlamətdar edən digər bir məqam da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi oldu: “Öncəliklə cənab Ali Baş Komandan İlham Əliyevi təbrik edirəm. Həm də Azərbaycan xalqını təbrik edirəm. Çünki bu Ali Ordeni cənab Prezident Azərbaycan xalqı adına aldığını bəyan etdi. Qeyd edim ki, məhz Türk Keneşinin artıq beynəlxalq Türk Dövlətləri Təşkilatına döndüyü bir sammitdə cənab Prezident İlham Əliyevə Ali Ordenin verilməsi çox anlamlıdır. Bu orden Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə təqdim edilib.

“Türkiyə Cümhurbaşqanı Sayın Recep Tayyip Erdoğanın təqdimetmə mərasimində bəyan etdiyi kimi, məhz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qarabağda təxminən 30 il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirib. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olub. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.

“Onu da deyim ki, bu Ali Ordenin verilməsilə türk dövlətlərinin rəhbərləri bir daha Azərbaycana öz dəstəklərini nümayiş etdirmiş oldular. Hesab edirəm ki, cənab İlham Əliyevə bu ordenin verilməsi həm də gələcəkdə bu təşkilat daxilində xoş bir ənənənin başlanğıcı olacaq. Yəni, həm ölkəsi və xalqı, həm də türk dünyası üçün tarixi işlərə imza atan digər türk dövlətlərinin rəhbərləri də gələcəkdə bu cür ali mükafatlara layiq görülə bilər”.

Keçmiş səfirin sözlərinə görə, eyni zamanda bu ordenin Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən verilməsi də yüksək dəyərləndirildi: “Türk dövlətlərinin başçıları bu addıma görə çox razı qaldılar. Yəni, yuxarıda da qeyd etdiyim kimi, cənab İlham Əliyevin Qarabağ savaşında göstərdiyi igidlik, liderlik, qəhrəmanlığı bir mənada təsdiq etmiş oldular. Cənab Prezidentin duyduğu məmnuniyyəti ifadə edərkən, bu ordeni Azərbaycan xalqı adına aldığını və bunun xalqın haqqı olduğunu qeyd etməsi isə onun xalqına necə dəyər verdiyini bir daha göstərmiş oldu. Xeyirli olsun deyirəm”.

Azərbaycan Türk Keneşinə sədrliyi dövrünü çox yaxşı dəyərləndirdi

Müsahibimiz onu da deyib ki, Azərbaycan eyni zamanda Türk Keneşinə sədrliyi dövründə də inamlı addımları ilə yadda qaldı: “Azərbaycan ötən iki il ərzində Türk Keneşinə sədrliyi dövrünü çox yaxşı dəyərləndirdi və məhsuldar addımlar atdı. Bəhs edilən dövrdə təşkilatın daha da güclənməsi üçün çox uğurlu işlər görüldü. Hələ 2020-ci ilin aprel ayında pandemiya ilə əlaqədar Azərbaycanın təklifi ilə Türk Keneşinin onlayn formatda bir Zirvə görüşü keçirildi ki, bu, dünyada pandemiya ilə bağlı ilk Zirvə idi. Bu onlayn görüşün ardınca təşkilata üzv dövlətlərin nəqliyyat nazirləri görüşdülər. Orada logistik yolların açılmasına qərar verildi. Təsadüfi deyil ki, təşkilatın adının dəyişidirilməsi barədə qərar da məhz Azərbaycanın təşkilata sədrliyi dönəmində verildi. Bu ilin 31 martında təşkilatın Zirvə görüşündə bu təşəbbüs irəli sürüldü. Bir sözlə, Azərbaycan həm pandemiya, həm də müharibəyə rəğmən sədrliyi dönəmini uğurlu bir şəkildə geridə qoydu. Bu dönəm içərisində yenə Azərbaycan-Türkiyə əlaqələri, həmrəyliyi heç bir vaxt olmadığı qədər zirvəsinə çatdı”.

Bütün dünya bilməlidir ki, bu birlik kimsəyə qarşı deyil

Vurğulanıb ki, bu Zirvəyə xüsusi bir rəng qatan məqamlardan biri isə Türkmənistanın müşahidəçi üzv statusu ilə təşkilata üzv olmasıdır: “Ümid edirəm ki, ən qısa müddətdə Türkmənistan da Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq”.

“Gələcəyimiz son dərəcə parlaqdır. Türk dünyası hər keçən gün daha da güclənir. Amma bütün dünya bilməlidir ki, bu birlik, güclənmək kimsəyə qarşı deyil. Əksinə, Türk Dövlətləri Təşkilatının regionda və dünyada sülhün, sabitliyin, inkişafın təminində önəmli rolu olacaq” , – deyə, H.Kılıç sonda bildirib.

Mission News Theme by Compete Themes.