Press "Enter" to skip to content

Bakı Media Mərkəzinin prezidentinə “Şərəf mükafatı”

Son yeniləmə: 13 Noyabr 2021 12:46

Bayraqdar.info – İstanbulda birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində keçirilən mükafatlandırma mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevaya “Şərəf mükafatı” təqdim olunub.

Mükafatı Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy təqdim edib.

Xəbəri noyabrın 13-də Bakı Media Mərkəzi yayıb.

Xəbərdə bildirilir ki, Arzu Əliyeva Bakı Media Mərkəzini bu yüksək mükafata layiq gördüklərinə görə festival rəhbərliyinə təşəkkürünü bildirib: “Azərbaycandan ən xoş arzuları sizə çatdırıram. Bu yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Festivalda təqdim olunan “BİZ” filmi Qarabağ Zəfərinə həsr olunub.

““Korkut Ata” mükafatını bizə verməklə Türk dünyası Azərbaycana bir daha öz dəstəyini göstərir. Yaşasın, Türkiyə-Azərbaycan birliyi, Qarabağ Azərbaycandır!”,- deyə A.Əliyeva bildirib.

“Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən çox qonaq qatılıb.

“Azərbaycanın milli film sənayesinin də geniş təmsil olunduğu tədbirdə ölkədə audiovizual məhsulların istehsalı sahəsində aparıcı mövqeyə sahib Bakı Media Mərkəzinin “Miras”, “Son Iclas”, festivalın bağlanış mərasimində isə “BİZ” filmi festivalın geniş auditoriyasına təqdim edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.