Press "Enter" to skip to content

Teymur Musayev Forum iştirakçıları ilə görüşdü

Bayraqdar.info – Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkədəki nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçiriləcək.

Tədbir ərəfəsində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev forum iştirakçılarının bir qrupu ilə görüşüb.

Məlumat bayraqdar.info-ya noyabrın 12-də Səhiyyə Nazirliyindən verilib.

Görüşdə T.Musayev Prezident İlham Əliyevin uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, onların hüquqlarının qorunması və müdafiəsi Azərbaycan dövlətinin prioritetləri sırasında olmasını vurğulayıb. Dövlət başçısının Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsini və həmin ildən etibarən Ümumrespublika Uşaq Forumun artıq beşinci dəfə keçirilməsini vurğulayaraq, səhiyyə nazirinin birinci müavini bu tədbirin uşaqların həyatında əhəmiyyətli hadisə kimi, eyni zamanda onların gələcək inkişafında mühüm olmasına əminliyini bildirib. Onun sözlərinə görə, forum dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir.

Məlumatda bildirilir ki, Forum iştirakçıları dövlətin qayğısını daim hiss etdiklərini vurğulayıblar. Onların sözlərinə görə, təhsil, sağlamlıq, sosial müdafiə, asudə vaxtı, internet təhlükəsizliyi, vətənpərvərlik kimi mövzulara həsr olunan V Ümumrespublika Forumu liderlik bacarıqları və uşaq hüquqları sahəsində analitik düşüncə qabiliyyətinə malik uşaqların seçilməsi üçün gözəl bir fürsətdir.

Sonra T.Musayev forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Mission News Theme by Compete Themes.