Press "Enter" to skip to content

Tarixçi alimdən türk dünyası vətəndaşlığı təklifi

Telman Nüsrətoğlu

Son yeniləmə: 12 Noyabr 2021 22:24

Bayraqdar.info – Xəbər verildiyi kimi noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Keneşi) VIII Zirvə Görüşü keçirilib. Zirvə Görüşünün nəticəsində bir sıra mühüm qərarlar qəbul edilib, o cümlədən qurumun bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırılması qərara alınıb.

Öz növbəsində bayraqdar.info-ya özəl açıqlama verən tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu İstanbul Zirvəsinin və burada qəbul edilən qərarların türk dünyası tarixinə xüsusi yazılacağını dedi.

XIX əsr türklər üçün acılarla doludur

Açıqlamasında öncə türk dünyasının keçdiyi yola qısa ekskurs edən T.Nüsrətoğlu bildirdi ki, türk dünyası dünyanın aparıcı güclərinin gözünü dikdiyi coğrafiyada yerləşir: “Bu coğrafiyada əsrlər boyu türklər ən qədim və ən güclü imperatorluqlar qurublar. Türklərin hakim olduğu coğrafiyalarda heç bir zaman başqa xalqlar, millətlər, dinlər yox edilməyib, əksinə himayə edilərək, qorunub, dəstəklənib. Bu mənada türklərin böyük bir xoşgörü mədəniyyətinə sahib olduğunu, idarəçilik, həmçinin, başqa xalqları və millətləri bir arada idarəetmə qabiliyyəti nümayiş etdirdiyini də unutmamaq lazımdır”.

Hər bir millətin tarixində bir geriləmə dövrünün olduğunu deyən T.Nüsrətoğlunun sözlərinə görə, bu mənada XIX əsr türklər üçün acılarla doludur: “Məlum olduğu kimi həmin əsrdə xüsusilə Anadolu və Azərbaycan coğrafiyası imperialistlərin hədəfi halına gəldi. Beləliklə, bu dövr Türküstan və Qafqaz türklərinin həyatına müstəmləkə dövrü kimi daxil oldu. Amma çar Rusiyasının dağılması, milli oyanış türk dünyasına da öz müsbət təsirini göstərdi. Təsadüfi deyil ki, Yusuf Akçuranın “Üç tərzi-siyasət” adlı məqaləsində “tevhid-i etrak” olaraq ifadə etdiyi türklərin birliyi fikri yavaş-yavaş türk dünyasının hər bir yanındakı aydınlar tərəfindən dəstək gördü. Azərbaycan da milliyyətçilik, türkçülük, türk milli şüurunun oyanması, türk birliyi fikrinin mərkəzlərindən biri halında idi. Həmin vaxt Kazan, İstanbul və Bakı türk birliyi fikrinin mərkəzləri idi. Bizim milli ziyalılarımız Əli bəy Hüseynzadələr, Əhməd bəy Ağaoğlular, Məhəmmədəmin Rəsulzadələr dildə, fikirdə, işdə birlik fikrinin yüksəlişi üçün əllərindən gələni etdilər. Yeni tipli məktəblər açıldı və bu birlik şüuru o məktəblər, cəmiyyətlər vasitəsilə millətin beyninə yeridildi. Təsadüfi deyil ki, o dövrdə “Tərcüman” qəzeti türk dünyasının hər tərəfində oxunurdu. Ortaq dil məsələsi vardı”.

Türk Dövlətləri Təşkilatı strateji güc olmağa doğru

Müsahibimiz bildirdi ki, çar Rusiyasında olduğu kimi, SSRİ-də də türk birliyini pozmaq, türk dünyasını bir-birindən ayrı salmaq üçün bir çox layihələr həyata keçirildi: “Elə Zəngəzur vilayətinin Azərbaycandan alınaraq Ermənistana verilməsi də türk dünyasını bir-birindən ayrı salmaq siyasətinin əsas parçalarından idi. Lakin SSRİ-nin çöküşündən sonra yenidən türk dünyasının bir araya gəlməsi üçün şans yarandı. O vaxtdan bu günə kimi atılan addımlar isə öz bəhrəsini verir. Hazırda türk dünyasının yüksəliş dövrü gedir. Artıq Türk Şurası adını dəyişərək Türk Dövlətləri Təşkilatı kimi daha inamlı addımlar atır, qərarlar qəbul edir. Türk Dövlətləri Təşkilatı bu mərhələdə strateji güc olmağa doğru gedir. Dünyada gedən qlobal proseslər hazırda türk dövlətlərinin bir-birilə daha six əlaqələr qurmasını zəruri edib”.

Turan Koridorunun Zəngəzur Koridoru ilə birləşməsi…

O da qeyd olundu ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi də (Nursultan Nazarbayev onu Turan Koridoru adlandırırdı) tamamlanmış olacaq: “Təbii ki, Azərbaycanın apardığı düşünülmüş, praqmatik xarici siyasət, Türkiyə ilə birlikdə ortaq güc inşa etməsi və Qarabağ Zəfəri bu prosesləri bir az da sürətləndirmiş oldu. Azərbaycan Türkmənistanla “Kəpəz” yatağı ilə bağlı məsələni həll etdi, Türkmənistanla münasibətlərimiz daha da dərinləşdi. Turan Koridorunun Zəngəzur Koridoru ilə birləşməsi isə strateji boyutları etibarı ilə türk dünyasının daha da yüksəlişinə gətirib çıxaracaq. Bir sözlə, bütün bunlar onu göstərir ki, türk dünyası həqiqi mənada yüksələn güc olmağa doğru gedir”.

Pasportsuz gediş-gəliş, vahid təhsil sistemi, sərbəst sərmayə

Müsahibimiz sonda bir sıra maraqlı təklif də səsləndirib: “Madam ki, müasir dünya düzəni türk dünyasının daha sıx birliyini zəruri edib, o zaman niyə türk dünyası vətəndaşlığı qavramı olmasın? Yəni hesab edirəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşları bir ölkədən digərinə pasportsuz gedib-gələ bilməlidir. Həmçinin, türk dünyasının ortaq təhsil sistemi və proqramı hazır olmalıdır. Türk Dövlətləri Təşkilatı daxilində sərbəst sərmayə siyasəti həyata keçirilməlidir”.

Mission News Theme by Compete Themes.