Press "Enter" to skip to content

Kürdəmirdə arıçılıq təsərrüfatları

Son yeniləmə: 12 Noyabr 2021 15:50

Bayraqdar.info – “ECOserve” (Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarəedilməsi və ekosistem xidmətlərinin qorunması) layihələri çərçivəsində Kürdəmir rayonundan olan qadın fermerlərə dəstək göstərilib.

Məlumat noyabrın 12-də bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən daxil olub.

Layihə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilib. AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) Arıçılıq sahəsi üzrə fəaliyyət göstərmək istəyən qadınlar üçün arıçılıq təsərrüfatları yaradıb.

“Yaradılan arıçılıq təsərrüfatları ilə  tanış olmaq məqsədi ilə noyabrın 11-də Kürdəmir rayonunun Garis-Əyribənd kəndində qadın arıçılarla görüş keçirilib. Görüşdə Nazirliyin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Almaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Heiko Schwarz, ABƏC-in (GIZ) Azərbaycan Ofisinin rəhbəri Karin Hörhan və qadın fermerlər iştirak ediblər.

“Görüşdə layihənin regionlarda məşğulluğun inkişafına və aqrar sektorda qadınların sayının artmasına töhfə verdiyini vurğulanıb. Layihələr çərçivəsində göstərilən dəstək tədbirləri fermer təsərrüfatlarının inkişafına şərait yaratmaqla yanaşı, həm də yeni təsərrüfatlar yaradaraq ölkədə aqrar sahənin inkişafını stimullaşdırır. Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər.

“Layhədən Kürdəmir rayonunun Bağman, Garis-Əyribənd və Karrar kəndlərindən olan və layihələrə müraciət edən qadın fermerlər faydalanıblar. Arıçılıq fəaliyyətinə başlamaq istəyən qadın fermerlər üçün arıçılıq sahəsi üzrə nəzəri və təcrübi modullardan ibarət təlimlər keçirilib. Təlimlər modulunu uğurla tamamlayan qadın arıçılar müvafiq sahə üzrə arı yeşikləri, arı ailələri və müxtəlif ləvazimatlarla (çərçivə, arıçı geyimi, mum əridən qurğu, arı şanı, bal süzən qurğu və s.) təmin olunublar. Həmçinin, dəstək göstərilən arıçılar təsərrüfatların dayanıqlığının təmin olunması məqsədilə növbəti 1 il ərzində konsultasiya xidmətindən də yararlana biləcəklər.

“AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 98 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.

“ECOserve” regional proqramı isə Almaniya Federal Hökumətinin Cənubi Qafqazda prioritet sahələrindən biri olan kəndlərin davamlı inkişafı üçün təbii ehtiyatların qorunması və davamlı istifadəsinə yönəlib. Proqramın əhatə etdiyi sahələrə ekoloji siyasət dialoqu, təhsil və təlim, maarifləndirmə və pilot layihələrin icrası daxildir. Azərbaycanda ECOserve proqramı kənd təsərrüfatı torpaqlarının davamlı istifadəsi sistemlərinin tətbiqinə istiqamətlənib. Proqram Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə ABƏC (GIZ) tərəfindən icra olunur”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.