Press "Enter" to skip to content

İran mediası Güneyli millət vəkilini hədəfə aldı

Bayraqdar.info – Milliyyətçi fars cərəyanları və təhlükəsizlik təşkilatına yaxınlığı ilə tanınan İranın bir sıra media orqanları Qarabağ zəfərinə görə Azərbaycanı təbrik etmiş Təbrizli millət vəkilini hədəfə alıb.

Fars şovinistlərinin media qurumları Təbrizin millət vəkili Əhməd Əlirzabeygini Qarabağın azadlığının ildönümünü təbrik etdiyi üçün satqınlıqda ittiham ediiblər.

“Bundan öncə Şərqi Azərbaycan valisi vəzifəsini daşıyan və bir neçə dövr millət vəkili olan Əhməd Əlirzabeygi Qarabağın azadlığının ildönümünü təbrik edib. O, rəsmi toplantıda İranı narkotik qaçaqmalçılığında ittiham edən İlham Əliyevin çıxışından sonra barışcıl mövqe nümayiş etdirməyə çalışır”, – deyə “Azəriha” saytı yazıb.

Mətbu orqan Təbrizin millət vəkilini gərgin olan İran-Azərbaycan münasibətlərində tərəf tutmaqda ittiham edib.

“İranlı sürücülərin, din xadimlərinin həbsinə, Bakıdakı “Hüseyniyyə”nin bağlanmasına, Azərbaycanın milli pulu üstündə Xudafərin körpüsünün şəklinin əks olunmasına, Ankara və İsrailin dəstəyi ilə İran-Ermənistan sərhədinin işğal edilmə cəhdinə heç bir münasibət bildirməyən Ə.Əlirzabeyginin Qarabağın azadlığını təbrik etməsi nə deməkdir”, – deyə Təbrizli nümayəndə barəsində ittiham dolu ifadələr qeyd olunub.

Yazıda qeyd olunub ki, Ə.Əlirzabeyginin İran-İraq müharibəsi dövründə Xurrəmşəhrin azad edilməsi, Abadanın mühasirədən qurtarılması, Livanın güneyinin işğalının qarşısının alınması günlərini yada salmadığı halda Qarabağı unutmaması şübhəlidir.

Dərc olunan materialda İran Qorucular Şurasına müraciət edilib və Əlirzabeyginin səlahiyyətinə yenidən baxılması istənilib.

“Parlament “beşinci kolon”un yeri deyil”, – deyə millət vəkili Azərbaycan Respublikasının mövqeyini müdafiə etməkdə günahlandırılıb.

Qeyd edək ki, Təbrizin İran parlamentindəki nümayəndəsi və Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Ə.Əlirzabeygi özünün Twitter hesabında paylaşım edərək Azərbaycanın Ermənistan üzərində qələbəsini – Zəfər Bayramını təbrik edib.

Xatırladaq ki, bundan öncə də İran mətbuatı Ə.Əlirzabeygini Azərbaycanla bağlı məntiqli mövqeyinə görə hədəf alaraq satqınlıqda ittiham edib.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.