Son yeniləmə: 12 Noyabr 2021 15:43
Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Musiqili Teatrın noyabrın sonuna kimi tamaşalarına biletləri satılıb.
Bu barədə bayraqdar.info-ya Teatrın Mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova bildirib.
Fəridə xanımın sözlərinə görə, Teatrın böyük tutumlu tamaşaçı zalı var. Pandemiya ilə əlaqədar olaraq yerlərin sayı 50 faizə qədər endirilib. Yəni, oturacaqlararası məsafəyə çox ciddi nəzarət edilir, tamaşaçılar şahmatvari əyləşdirilir, eyni zamanda, onlardan pandemiya qaydalarına, sanitar -gigeyenik normalara ciddi əməl etmələri, maska taxmaları tələb olunur.
“Teatrsız çox darıxırdıq. Teatr bizim üçün həm də mənəvi qidadır. Evdən onlayn işləmək mümkün olsa da, “Onlayn teatr” anlayışını qəbul edə bilmirəm. Teatr canlı sənətdir!
“Ümumiyyətlə isə, işə gedib-gəlmək insanın əhvalını yaxşılaşdırır, iş yoldaşları, tamaşaçılarla ünsiyyətin adama verdiyi zövqü başqa heç nə əvəz etmir. Teatr üçün hədsiz darıxmışdım. İnanın səmimiyyətimə, iş yerimdən ötrü o qədər darıxmışdım ki, hətta iş otağıma daxil olanda gözlərim doldu.
“Azərbaycan Dövlət Akademik Musiqili Teatrı pandemiya səbəbindən yaranan uzun fasilədən sonra yeni mövsümünə böyük həvəs və məsuliyyətlə başladı Biz teatrımızın 112-ci mövsümü “O olmasın, bu olsun” tamaşası ilə açdıq. Mən hələ də o tamaşanın təsirindən çıxa bilmirəm. Təsəvvür edin ki, tamaşaçılar aktyorları 4 dəqiqəyə yaxın ayaq üstə alqışladılar.
“Bu rəğbət, bu sevgi boşuna deyil. Onlar buna layiqdirlər. Layiqdirlər ona görə ki, peşə vərdişlərinə sadiqdirlər. Sənətlərini sevirlər. Teatrlar açılandan bəri, onlar bu qısa zaman kəsiyində bərpa proseslərini bir göz qırpımında keçə bildilər. Pandemiyanın fəsadları teatrlara badalaq vursa da, büdrətsə də, sənət fədailəri onu yıxılmağa qoymadılar. Bütün bunlar bizim uğurumuzdur, qələbəmizdir.
“Oktyabrın 1-də teatrda fəaliyyətimizə yenicə başlayarkən fərqinə vardım ki, hətta iş otaqlarımızda kompüterlərimizin parollarını belə unutmuşuq. Bu, hələ harasıdır? Dolanbac dəhlizlər də bizi azdırırdı… Biz ötüb keçən zaman kəsiyində ən adi vərdişlərimizi belə bu dərəcədə yadırğamışkən, aktyorların öz üzərilərində sürətli çalışması və qısa zamanda tamaşaların bərpası əsl fədakarlıq nümunəsidir.”
F.Aslanovanın bildirdiyinə görə, tamaşaçılar müxtəlif janrlarda tamaşalarla maraqlanırlar:
“Mənə sosial şəbəkələr üzərindən Bakının kəndlərindən, Bakıətrafı qəsəbələrdən, bəzi rayonlarımızdan, hətta sosial şəbəkə hesablarımızı izləyən digər ölkələrin vətəndaşları belə yazıb tamaşalarımızın növbəti aylar üçün repertuar planları ilə maraqlanırlar. Elə yaranmış bu fürsətdən istifadə edib qeyd edim ki, teatr dekabr ayında da bir-birindən maraqlı tamaşalarla tamaşaçılarının görüşünə gələcək”, – deyə Mətbuat xidmətinin rəhbəri bayraqdar.info-nun əməkdaşına bildirib.