Bayraqdar.info – Futbol üzrə Azərbaycan milli komandasının DC-2022-nin seçmə oyununda növbəti məğlubiyyəti baş məşqçi dəyişikliyini yenidən gündəmə gətirib. Görünən odur ki, millimizin indiki baş məşqçısı Canni de Byazi də ümidləri (12 oyunda cəmi bir qələbə) doğrultmadı.
Yeri gəlmişkən, Lüksemburq millisinə Bakıda 1-3 hesabı ilə məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında Canni de Byazi də dolayısı ilə gedə biləcəyinə işarə edib: “Belə bir matçdan sonra bu barədə danışmağın mənası yoxdur. Noyabrın 30-na kimi müqaviləm var. Menecerimlə söhbət olacaq, axırda AFFA rəhbərliyi qərarını verəcək”.
Bu arada isə onu bu postda türkiyəli məşqçinin əvəz edə biləcəyinə dair məlumatlar yayılıb.
www.milliyet.com.tr saytının məlumatına görə, Canni de Byazini Samet Aybaba əvəzləyə bilər: “Azərbaycanda milli komanda üçün düşünülən ilk ad Samet Aybabadır”.
Məlumata əsasən azərbaycanlı futbol yetkililəri təcrübəli məşqçi ilə görüşüb və tərəflər arasında ilkin razılıq əldə edilib.
Qeyd edək ki, keçən mövsüm “Adana Demirspor”u Süper Liqə çıxaran 66 yaşlı S.Aybaba “Beşiktaş”, “Trabzonspor” və “Bursaspor” gimi çempionluq sevinci yaşayan futbol klublarında da çalışıb.
Xəbərdə o da bildirilir ki, bu vaxta kimi Azərbaycan milli komandasına baş məşqçilik üçün Ertuğrul Sağlam və Okan Burukun da adları çəkilmişdi.