Press "Enter" to skip to content

12 noyabr – türk dünyası üçün böyük gün

Azər Həsrət

12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir. Yaxın tarixdir. Ölkəmiz Sovet-Rusiya əsarətindən azad olduqdan sonra 1995-ci ildə özünün ilk Konstitusiyasını qəbul edirdi. Biz də o vaxtlar gəncdik. Tələbəydik. Bütün proseslərdə həddimiz və gücümüz çatdığı qədər fəaldıq həm də.

O da yadımdadır ki, Konstitusiya layihəsi ilə bağlı çox ciddi fəallıq edirdik. Özəlliklə də onun dövlət dili ilə bağlı maddəsinə aid. Çünki Azərbaycanda bir kəsim – hakimiyyətdə olanlar dilimizi Azərbaycan dili, bizsə Türk dili kimi rəsmiləşdirmək istəyirdik. Bunun üçün ovaxtkı Prezident Heydər Əliyev yaxşı bir müzakirə ortamı da yaratmışdı. Yəni onun özü də çalışırdı ki, qərarı xalq versin…

Ayrıntıları bir kənara qoyub yalnız bir məqamı xüsusi olaraq vurğulamaq istərdim: biz – mən və mənim kimi minlərlə, yüz minlərlə insan o günlərdə təkidlə dövlət dilimizin Konstitusiyada türk dili kimi təsbit edilməsi üçün çalışdıq. Mümkün olan hər şeyi etdik. Bizdən asılı olanını əlbəttə. Lakin sonda məğlub olduq. Tük kəlməsindən qorxanların sayının çoxluğu bizim əleyhimizə işlədi. Ona görə də Konstitusiya layihəsində dövlət dili azərbaycan dili kimi təqdim edildi. Sonra da səsvermə oldu. Və hazırda qüvvədə olan Konstitusiya qəbul edildi.

Dil məsələsinə yenidən qayıtmaq olar

Sonrakı illərdə Konstitusiyaya müəyyən dəyişikliklər də edildi. Təbii ki, referendum yoluyla. Bu da zamanın tələbi idi. Çünki hər halda 1995-ci ilin şərtləri bugünkü şərtlər və tələblərlə eyni ola bilməzdi. O baxımdan dil məsələsinə yenidən qayıtmaq haqqında da düşünmək olar…

2021-ci ildə də 12 noyabr əlamətdar gün kimi tarixə düşəcək. Əgər 1995-ci ildə bu gün yalnız müstəqilliyini yenicə qazanmış Azərbaycanın tarixinə düşmüşdüsə, 2021-ci ildə bütün türk dünyasının tarixini rövnəqləndirəcək. Məhz bu tarixdə Türk Dövlətləri Təşkilatı rəsmən qurulacaq!

Böyük tarixə şahidlik edirik biz! Çox böyük tarixə. 2009-cu ildə Prezident İlham Əliyevin ev sahibliyində Naxçıvanda təməlləri atılan və ötən müddətdə yetərincə uğurlu fəaliyyət göstərən Türk Keneşi 2021-ci ilin 12 noyabrında missiyasını şərəflə başa vurub öz yerini yeni qurulacaq Türk Dövlətləri Təşkilatına verəcək!

Necə ki, biz 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunda fəallıq etmişdik, Türk Dövlətləri Təşkilatının quruculuğuna da ötən illər ərzində bacara bildiyimiz qədər töhfə verdik. Bundan sonra da o töhfəni verməyə davam edəcəyik!

Əqidəmizdən dönmədik!

Biz özümüzü tanıyandan türklük dedik, türk birliyindən yana olduq! Bu yolda üzərimizə hər cür ünsür gəldi. Vaxt oldu, bizi küncə sıxdılar. Türk kəlməsini dilimizə gətirəndə təqib edildik. Adımız dəftər-kitabdan silindi, ailəmiz, yaxınlarımız sıxışdırıldı, yadlaşdırıldı! Amma o əqidəmizdən dönmədik, dönəcəyimizin işarətini belə vermədik!

İndi isə biz çox xoşbəxtik. Çünki ideyamız qalib gəldi. Azərbaycan dövləti məhz bizim uğrunda illərdir çarpışdığımız o ideyaya sahibləndi. İndi elə bir mərhələyə çatmışıq ki, Prezident İlham Əliyev türk dünyasının önünü çəkən liderə çevrilib. O, bu məsələdə də ən doğru olanı edir. Bütün istiqamətlərdə strateji uzaqgörənliyi ilə seçilən İlham Əliyev bir lider olaraq türk birliyi məsələlərində gərəkli həssaslığı göstərir və 12 noyabr 2021-ci ildə qurulacaq Türk Dövlətləri Təşkilatı həm də onun əsəridir.

Nə deyirik? Xeyirli-uğurlu olsun!

Bu arada onu da əlavə edək ki, artıq qardaş Türkmənistan da bu birliyə mümkün qədər yaxın gəlir. Noyabrın 12-də bu dövlət də türk birliyinə müşahidəçi kimi qəbul ediləcək. Bununla da hazırda var olan 7 bağımsız türk dövlətindən 6-sı birləşmiş olacaq. Yalnız Kuzey Kıbrıs Türk Cümhuriyyəti hələlik ümumi türk ailəsinə müəyyən səbəblərdən qatıla bilmir. Amma bu heç də o demək deyil ki, dünya türkləri o dövlətimizi gözardı edir. Əsla! Bizim üçün digər türk dövlətləri nə qədər əziz və dəyərlidirsə, KKTC də o dərəcədə əziz və dəyərlidir. Onun üzləşdiyi sorunları da tezliklə əl birliyi ilə çözüb ailə bütünlüyümüzü təmin edəcəyik. Və bu proses davam edəcək…

Mission News Theme by Compete Themes.