Press "Enter" to skip to content

Sabunçuda da sudan qanunsuz istifadə halları aşkarlanıb

Bayraqdar.info – Bakı şəhəri Sabunçu rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb. Bu hallar sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində ortaya çıxlb.

Bu barədə bayraqdar.info-ya noyabrın 11-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində 96 bölmədən ibarət istixana kompleksində içməli sudan qeyri-qanuni istifadə edilib: “İstixana sahibi ərazidən keçən magistral su kəmərinə özbaşına qoşulma etməklə 100 mm diametrli xətt vasitəsilə qanunsuz su çəkib və uçotsuz istifadə edib. Kürdəxanı qəsəbəsində üzlük daş sexində də sudan müqaviləsiz istifadə edildiyi aşkarlanıb. Məlum olub ki, sahibkar texniki şərt almadan və sayğac quraşdırmadan içməli sudan istifadə edib”.

Ət kəsimi və təndir sexində də su təchizatı özbaşına və qanunsuz çəkilmiş xətt vasitəsilə aparılıb. Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

“Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 13537, Sabunçu rayonu üzrə isə 2540 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 3 mln 887 min və 797 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin 10 ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı 200-dək fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub” , – deyə, sonda bildirilib.

Mission News Theme by Compete Themes.