Son yeniləmə: 11 Noyabr 2021 09:33
Bayraqdar.info – Bu günlər ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin birinci ildönümünü qeyd edirik. Düz bir il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən işğalından azad etdi. Tarixə qızıl hərflərlə yazılan bu Zəfər dostlarımızı nə qədər sevindirdisə, düşmənlərimizi və onlara havadarlıq edənləri bir o qədər kədərə qərq etdi. Eyni zamanda, Azərbaycanın bu tarixi Zəfəri nəticəsində bölgədə yeni reallıqlar yarandı. Lakin təəssüflər olsun ki, Güney qonşumuz İran bu reallıqları qəbul etməkdə zorluq çəkir. Bəs, bu nə ilə nəticələnə bilər? Baş verənlər Güney Azərbaycanda və dünyadakı Güney Azərbaycan türkləri tərəfindən necə dəyərləndirilir?
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi İdarə Heyətinin üzvü Mehsa Mehdilinin bayraqdar.info-ya özəl müsahibəsində bu və digər suallara cavab almağa çalışdıq.
Öncə onu deyək ki, Güney Azərbaycanda anadan olan Mehsa Mehdili (Mehdizadə) Urmiya Universitetində təhsil alıb. “Oyanış” dərgisinin baş yazarı olub. Milli mübarizə apardığı üçün dəfələrlə İran rejimi tərəfindən həbsə atılıb. “Şəhriyar” dərnəyinin əsas fəallarından biri olub. Sonra həyat yoldaşı ilə birlikdə Türkiyəyə köçən M.Mehdili burada təkrar təhsil almağa qərar verib. Hazırda Ankara Gazi Universitetində doktorluq dərəcəsi üzrə təhsil alan müsahibimiz, eyni zamanda 9 ilə yaxındır ki, GünAz.TV-də milli məsələlərdən bəhs edən proqramlar aparır. Bu vaxta kimi çoxsaylı məqalələrin müəllifi olan M.Mehdilinin Türkiyədə “44 Gün Qarabağ Savaşı Sürəcində Güney Azərbaycan” adlı kitabı işıq üzü görüb. Bu kitabın tezliklə Azərbaycanda da nəşr edilməsi planlaşdırılır.
Güney Azərbaycan Vətən və milli kimlik məsələsidir
Müsahibəmizə ilk olaraq kitabla bağlı bilgi verməklə başlayan M.Mehdili bu kitabı keçən ilin sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı Güney Azərbaycanda baş verənləri tarixin yaddaşına köçürmək məqsədilə qələmə aldığını dedi.
Daha sonra dünyadakı və regiondakı son proseslərin Güneydə yaratdığı təsirə toxunan müsahibimiz aşağıdakıları bildirdi: “Məlum olduğu kimi dünyada xüsusilə milliyətçilik dalğası daha da güclənir. Belə bir dövrdə İran kimi idarəçiliyi tək etnikə əsaslanan dövlətlər öz siyasətlərində dəyişiklik etməli, digər etniklərin haqlarına da hörmətlə yanaşmalıdırlar. Ancaq onu da deyim ki, Güney Azərbaycan məsələsi sadəcə milli kimlik məsələsi deyil. Vətən və milli kimlik məsələsidir. Bölünmüş vətənin bir parçasının istismar və təzyiq altında qaldığı həqiqətini öncə öz xalqımıza, sonra da dünyaya çatdırmaq məsələsidir. Bunu unutmayaq ki, öncə öz xalqımız – Güneyli, Quzeyli – Güney məsələsi, Güney həqiqəti ilə əlaqəli məlumatlandırılmalıdr. Bizim əsas işimiz hazırda budur. Bu proses sadəcə Güneydə getməməlidir. Paralel şəkildə Quzeydə də getməlidir və biz hazır olmalıyıq. Çünki bölgədə çox dəngələr dəyişir”.
İranın zəifləməsi Güney Azərbaycan üçün əlavə imkan deməkdir
İranın son davranışlarına gəlincə M.Mehdili dedi ki, İkinci Qarabağ müharibəsindən öncə və sonra atdığı adddımlar, yanlış xarici siyasət nəticəsində İran Güney Qafqazda və Yaxın Şərqdə həm təklənib, həm də zəifləyib. Bunun da yeganə səbəbi bu ölkənin özündədir: “Artıq Güney Qafqazda üç aktor var. Rusiya, Türkiyə və Azərbaycan. Yəni, aparılan yanlış siyasət İranı bu cür çıxılmaz duruma salıb. Halbuki İran daha ağıllı hərəkət edə bilərdi. İranın içərisində bir türk məsələsi, bir Azərbaycan məsələsi var. İranın bu həqiqəti qəbul etmək və ağıllı addım atmaq əvəzinə sağa-sola hücum edib, öz insanlarını incitməsi böyük xəta idi. Bir sözlə, Vətən müharibəsindəki qələbə, o cümlədən İranın Qarabağ siyasəti Güney Azərbaycanda həm milli vətən anlayışının, həm də milli kimlik şüurunun daha da güclənməsinə səbəb olub. Daxildə Güney Azərbaycan milli oyanışı daha da güclənib. Bu, bizim üçün gözəl bir haldır. Yəni, İranın zəifləməsi Güney Azərbaycan üçün əlavə imkan deməkdir. Biz də bunu bir tarixi fürsət kimi dəyərləndirərək lazımi addımlar atmalıyıq”.
Güney Azərbaycan təşkilatları vahid mövqedən çıxış edir
Güney Azərbaycan təşlkilatları arasında əməkdaşlıq məsələsinə gəlincə M.Mehdili bunları söylədi: “Güney Azərbaycan təşkilatları arasında əməkdaşlıq və birliyin olmadığı fikrini qətiyyən qəbul etmirəm. Bu, bizi bir-birimizdən uzaqlaşdırmaq, Güney Azərbaycan Milli Hərəkatını parcalamaq üçün ortaya atılan bir təbliğatdır. Fərqli təşkilatlar arasında fikir ayrılıqları ola bilər və bu da təbiidir. Demokratiyanın tələbidir. Əsas məsələ budur ki, bizim – bu təşkilatların ana məsələləri vahiddir. Örnək üçün, Güney Azərbaycanın Vətənimiz olduğu, kimliyimizin türk olduğu, haqlarımızın əlimizdən alındığı, İranın bizi istismar etdiyi məsələlərində Güney Azərbaycan təşkilatları vahid mövqedən çıxış edir. Dünyada böhran dönəmlərində bu qədər birlikdə, bu qədər eyni cizgidə hərəkət edən təşkilatlara nadir rast gəlinir. Bizdə isə bütün məsələlərdə – qırmızı cizgimiz olan məsələlərdə əksər təşkilatlar eyni mövqedən cıxış edirlər. Biz çəkici bir zindana vururuq”.