Son yeniləmə: 10 Noyabr 2021 17:42
Bayraqdar.info – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib. Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Bu barədə bayraqdar.info-ya noyabrın 10-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.
“İclası giriş sözü ilə açan V.Quliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbənin xalqımıza mənəvi üstünlük gətirdiyi, tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirmişdir. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyəti, güclü və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü xüsusi olaraq qeyd olunmuşdur”, – deyə məlumatda bildirilib.
Vurğulanıb ki, iclasda çıxış edən Müşahidə Şurası üzvləri və QHT təmsilçiləri işğaldan azad olunan torpaqlarımıza Böyük qayıdış və həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstək olduqlarını bildiriblər. Çıxışçılar beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.
Sonda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri və QHT təmsilçiləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlanıb.