Bayraqdar.info – 4-6 noyabrda onlayn formatda “Xəzəryanı ərazilərdə istehsal təsərrüfatına keçid” adlı beynəlxalq elmi seminar keçirilib. Seminar Rusiya Arxeologiya və Etnoqrafiya İnstitutunun, M.Lomonosov ad. Moskva Dövlət Universitetinin, Novosibirsk Dövlət Universitetinin və Paleosentralasia Elmi Tədqiqat Mərkəzinin dəstəyi ilə keçirilib. Rusiya, İran, Almaniya, İngiltərə, Çernoqoriya, Xorvatiya və Yaponiyanı təmsil edən tədqiqatçılar Xəzərətrafı regionların paleolit, mezolit və neolit abidələrində aparılmış arxeoloji, palinoloji, paleobotanik, arxeogenetik və d. sahələr üzrə tədqiqatların nəticələri barədə çıxış ediblər. Beynəlxalq Elmi Seminarda Azərbaycanı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhaq Quliyev, İçəri Şəhər Muzey Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova təmsil ediblər.
Xəbər bayraqdar.info-ya noyabrın 10-da İnstitutun Mətbuat xidmətindən daxil olub.
“Orta Kür çayının hövzəsində neolitləşmə prosesləri” mövzusunda çıxış edən t.ü.f.d. F.Quliyev multidisiplinar tədqiqatların nəticələri əsasında neolit dövrünə aid Şomutəpə arxeoloji mədəniyyətini daşıyan qədim əhalinin məskənlərinin quruluşu, yayılma prosesinin qanunauyğunluqları, təsərrüfat və qidalanma sistemi, dini-ideoloji baxışları barədə məruzə edib.
“Xəzər dənizinin qərb sahilinin mezolit mədəniyyəti. Qobustan” adlı məruzəsində t.ü.f.d. Məlahət Fərəcova Qobustan ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində ərazidəki mezolit dövrü abidələri, o cümlədən son tədqiqatlar nəticəsində aşkar edilmiş yeni petroqliflər (qayaüstü rəsmlər) barədə tədbir iştirakçılarına məlumat verib.
Kanaqava Perspektivli Tədqiqatlar Universitetinin (Yaponiya) əməkdaşı, doktor Sayci Aray “Cənubi Qafqazda maldarlığın başlanğıcı: Qərbi Azərbaycandan yeni məlumatlar” adlı məruzə ilə çıxış edib. O, məruzəsində COVİD-19 pandemiyasına qədər Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında azərbaycanlı alimlərlə birgə aparılmış arxeoloji və paleozooloji tədqiqatlar, Aveydağ Dövlət Tarix Mədəniyyət Qoruğuna daxil Damcılı mağarasındakı arxeoloji qazıntıların nəticələri barədə geniş məlumat verib.
“Mövzular üzrə aparılmış diskussiyalarda əcnəbi alimlər Azərbaycan arxeologiyasına böyük maraqlarının olduğunu etiraf edib və gələcəkdə birgə tədqiqatlarda iştirak etmək istəklərini bildiriblər”, – deyə xəbərdə bildirilir.