Press "Enter" to skip to content

Vyanada Zəfər Günü ilə əlaqədar rəsmi qəbul

Son yeniləmə: 10 Noyabr 2021 19:34

Bayraqdar.info – Avstriyanın paytaxtı Vyanada yerləşən Lixtenşteyn sarayında Zəfər Gününə həsr edilmiş rəsmi qəbul keçirilib.

Qəbul Azərbaycanın Avstriyadakı səfirliyinin, Hərbi Attaşelik Aparatının, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Qəbulda Avstriyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun, BMT bölməsinin və digər beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycanın Avstriyadakı fəxri konsulları, Avstriya işgüzar dairələrinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Bu barədə məlumat noyabrın 10-da bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

“Səfir Rövşən Sadıqbəyli vurğulayıb ki, noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordu Qarabağın mirvarisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı 28 illik işğaldan sonra azad edib. Bununla da 8 Noyabr Azərbaycan tarixinə əbədi həkk olunub. Diplomat əlavə edib ki, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanatla 30 ilə yaxındır davam edən münaqişəyə son qoyulub. Regionda sülhün və sabitliyin bərqərar olunması üçün münbit şərait yaradılıb.

“Rəsmi qəbul konsert proqramı və ziyafətlə başa çatıb”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.