Şəfəq Ağalarlı,
BDU Şərqşünaslıq fakültəsinin II kurs tələbəsi
8 Noyabr 28 illik Qarabağ, Şuşa həsrətinə son qoyulduğu, Şəhidlərimizin, yurdundan ayrı düşmüş vətəndaşlarımızın qisasının alındığı gündür. Xalqımız 30 ilə yaxın bir müddətdə torpaqlarımızın azadlığı uğrunda çoxlu qurbanlar vermişdir. I Qarabağ müharibəsində 20 mindən çox, II Qarabağ müharibəsində isə 3 minə yaxın Şəhid qəhrəmanımız haqq yolunda canından keçmişdir. Düşmənin 4 ilə işğal etdiyi torpaqlar 44 günə azad edilmşdir. Zəfər Günü Azərbaycan xalqının sevincinin, xoşbəxtliyinin, qürurunun simvoludur.
Azərbaycan Ordusu ikinci Qarabağ savaşına başlamaq üçün kifayət qədər siyasi və hüquqi zəmin hazırlamışdır. Belə ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi haqqında 4 qətnamə qəbul edilmişdir. Həmçinin, Qarabağda erməni işğalına sülh yolu ilə son qoymaq üçün ATƏT-in Minsk Qrupu yaradılmışdır. Lakin BMT öz sülhməramlı missiyasını yerinə yetirmədiyi kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti də müsbət nəticə vermədi. Eyni zamanda bu məsələnin həll olunmasında, demək olar ki, həvəssiz olan Rusiya hakimiyyətinin mənfi mövqeyi və davranışları da bu munaqişənin sülh yolu ilə həllinə imkan yaratmadı. Münaqişənin dondurulmuş vəziyyətdə qalması bəzi böyük dövlətlərin ümumi maraqlarına da uyğun idi.
Artıq bu missiyanı beynəlxalq hüquq qaydalarına uyğun olaraq Azərbaycan özü həll etmək məcburiyyətində idi. BMT-nin əsas prinsiplərindən biri də odur ki, hər bir dövlət öz suveren ərazisini və öz dövlət sərhədlərinin təhlükəsizliyini qorumaq hüququna malikdir. Bu prinsipi əsas tutaraq dövlətimiz özünümüdafiə hüququnu özündə saxlamışdır.
Məlumdur ki, İkinci Qarabağ müharibəsindən 2 ay əvvəl, iyul ayında ermənilər Tovuz istiqamətində təxribat törətmiş, Bakı-Tibilisi-Ceyhan boru kəmərinə təhlükə yaratmaq, nəzarəti ələ keçirmək üçün təxribata əl atmışdılar. Sözsüz ki, Azərbaycanın müzəffər ordusu düşmənə layiqincə, rəşadətlə cavab vermişdi.
Azərbaycanın Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin istər diplomatik sahədə, istər daxili, istərsə də xarici siyasətdəki uğurları dövlətimizin mövqelərinə böyük üstünlüklər qazandırmışdır. Uzun illər boyu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiya siyasəti ölkəmizin ikitərəfli və çoxtərəfli əlaqələrini dəfələrlə gücləndirmiş, dövlətimizin BMT, ATƏT, MDB, İƏT, GUAM, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlarda nüfuzunu artırmaqla yanaşı, bu təşkilatlarda söz sahibinə çevirmişdir. Məhz bunun nəticəsi idi ki, müharibə dövründə İslam Əməkdaşlıq Təşkilatı, həmçinin 19 oktyabr 2020-ci ildə BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdə Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatına üzv olan dövlətlər dövlətimizin haqq işini müdafiə etmişdir.
Onilliklər boyu Azərbaycanın ardıcıl şəkildə artan beynəlxalq nüfuzu, müttəfiqləri Türkiyə və Pakistanla, digər dost ölkələrlə həyata keçirilən hərbi-siyasi əməkdaşlıq Vətən Müharibəsi dövründə ölkəmizin geosiyasi mövqeyini və hərbi-siyasi gücünü daha da artırdı. Azərbaycan bu dövrə qədər öz hərbi potensialını, hərbi-texniki bazasını gücləndirmiş, modern silahlarla təchiz olunmuşdur. Ölkəmiz bu əməliyyata həm ideoloji, həm siyasi, həm də hərbi baxımdan tam şəkildə hazır idı.
Erməni faşistləri sentyabr ayında havadarlarının ənənəvi dəstəyinə ümid edərək təxribat xarakterli addımlar atmağa davam edirdilər. Azərbaycan dəfələrlə beynəlxalq müstəvidə, Qoşulmama Hərəkatında, BMT-nin Təhlükəsizlik Şurasındakı çıxışlarında bəyan etmişdir ki, bu təxribatlara son qoyulmalıdır. Faşist təfəkkürlü davranışlar bütün regional gücləri, Şərqdən Qərbə gələn enerji koridorlarını təhdid altına alır. Lakin bu çıxışlara məhəl qoyulmurdu.
2020-ci ilin 27 sentyabrında Azərbaycan ordusu bütün bunlara cavab olaraq Qarabağda əks həmlə – Dəmir Yumruq əməliyyatına başladı. Müharibədən 1 gün sonra qismən hərbi səfərbərlik elan olundu.
İlk əməliyyatlar bir neçə istiqamətdə aparılırdı və bu proseslər olduqca ağır, çətin çoğrafi şəraitdə gedirdi. 30 ilə yaxın bir müddətdə erməni faşistləri strateji baxımdan yüksəkdə yerləşən Qarabağ bölgəsində çoxlu istehkamlar, hərbi sədlər yaratmışdı. Azərbaycanın qüdrətli ordusunun keçilməz sədd adlandırılan “Ohanyan səddi”ni necə yarması dünya hərb sənətinə hələ də sirdir. Əməliyyatlar öncə Quzey və Güney istiqamətlərdə aparılırdı. Quzeydə Suqovuşan, Ağdərə istiqamətində, Güneydə isə Füzuli-Xocavənd istiqamətində davam edirdi.
Digər bir tərəfdən ordumuz Arazboyu ərazilərdə də geniş hərbi əməliyyatlar aparırdı. Arazboyu əməliyyatlarının ən böyük uğuru tarixi Xudafərin körpüsünün azad edilməsiydi. Xudafərinin azad edilməsi Güney Azərbaycanlı soydaşlarımızın da sevincinə səbəb olmuşdu. Körpünün azad olunması həm də tarixi ədalətin bərpa olunması idi.
İkinci ən strateji hədəf Hadrut istiqamətindəydi. Bu irəliləyiş Şuşada, Xankəndində tamamlanmalıydı. Hadrut döyüşlərinin ən böyük uğurlarından biri Azıx mağarasının azad edilməsiydi. Çünki Azərbaycanın qədim yaşayış məskəni olan Azıx mağarasının azad edilməsi tariximizin düşmən əsirliyindən qurtarılması demək idi.
Nəhayət, dünya hərb tarixində unudulmaz iz qoyan, hərb tarixi sənətinə böyük töhfə verən Şuşa əməliyyatı…
Şuşa döyüşlərində Azərbaycan tərəfdə 6 yüz nəfərlik Xüsusi Təyinatlı Qüvvələr döyüşdüyü halda, onlara qarşı erməni həbrçilərindən 6 min nəfər vardı. Bu statistik rəqəmlər Azərbaycan türkünün gücünü, vətənə olan sevgisini, cəsarətini bir daha sübut edirdi.
Müzəffər Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən və Qarabağda düşmən işğalına son qoyan Vətən müharibəsi – Dəmir Yumruq əməliyyatı Qarabağ problemini həll etməklə yanaşı, Ermənistanın gələcək ideoloji-siyasi tənəzzülünə zəmin yaratdı. Çünki istər siyasi, istər iqtisadi, istərsə də psixoloji baxımdan iflasa uğrayan Ermənistan cəmiyyəti və onun mövcud hakimiyyətini qarşıda ağır günlər gözləyir. Bir sözlə, Qarabağda erməni işğalının sonu Ermənistanın tənəzzülünün başlanğıcı deməkdir.
XXI əsrdə türk-müsəlman dünyasının ilk zəfər salnaməsini biz yazdıq. Bizlər qalib ölkənin qalib vətəndaşlarıyıq, bu zəfər hər birimizin qürur mənbəyidir.