Press "Enter" to skip to content

Ramil Həsən: Ermənistan təslim aktını imzalamağa məcbur oldu

Ramil Həsən

Bayraqdar.info – “Noyabrın 10-u işğalçı Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətini rəsmən qəbul etməsindən bir il ötür. “Tarix təkərrürdən ibarətdir və şübhəsiz ki, haqq, ədalət gec ya tez qalib gələcək” tarixi kəlamı sözün həqiqi mənasında ötən il noyabrın 10-da Ermənistanın işğalçı ölkə üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalaması ilə bir daha real həyatda öz təsdiqini tapdı. Azərbaycan xalqı 30 illik torpaq həsrətindən sonra yenidən ədaləti bərpa edərək, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazandı”.

Bunu ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın ildönümü ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Ramil Həsən deyib.

Bayraqdar.info-ya özəl açıqlamasında millət vəkili bildirib ki, noyabrın 10-da xalqımız rəşadətli Azərbaycan Ordusunun 44 günlük qəhrəmanlığının nəticəsini gördü: “Azərbaycan Prezidentinin qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində qazanılan tarixi Zəfər sonrası imzalanan 10 noyabr Bəyanatının tələblərindən biri olan üç rayonun döyüşsüz, heç bir qan tökülmədən Azərbaycana qaytarılmasına yol açdı”.

Millət vəkili deyib ki, haqq-ədalətin bizim tərəfimizdə olmasına baxmayaraq, dünyanın işğalçı Ermənistana təzyiq etməməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 30 il ərzində yerinə yetirilməməsi ilə nəticələnib: “Bu müddət ərzində həm sözügedən dörd qətnaməni, həm də münaqişənin həllinə dair qəbul edilmiş digər beynəlxalq qərar və qətnamələri heçə sayan Ermənistan “güclü ordu” mif və xəyallarına qapılaraq öz xislətindən əl çəkmədi. Təbii ki, Ermənistanın tez-tez atəşkəsi pozması, hərbi təxribatlara əl atması Azərbaycanın səbr kasasını daşdırdı və ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsi düşmənin bütün sahələrdə darmadağın olması ilə nəticələndi. Beləliklə, Azərbaycanın güclü “Dəmir yumruğu”nun təsirindən, belə deyək ki, beli qırılan işğalçı ölkə yalvarmağa və təslim aktını imzalamağa məcbur oldu. Bu isə daha bir kəlamın real həyatda öz əksini tapması demək idi. Siyasət biliciləri deyirlər ki, döyüş meydanında nə qədər güclü olsan, danışıqlar masasında da o qədər güclü və qüvvətli olarsan. Bax, ötən il 44 günlük Vətən müharibəsi nəticəsində imzalanan 10 noyabr Bəyanatı bu kəlamı bir daha təsdiqlədi”.

“Şübhəsiz ki, bütün bu uğurların kökündə Azərbaycan Prezidentinin uzaqgörən, qətiyyətli siyasəti, Azərbaycan gənclərinin vətənpərvərliyi, xalqımızın birliyi və həmrəyliyi dayanır. Bir sözlə, 44 günlük Vətən müharibəsi zamanı dünya eyni zamanda, Azərbaycanda Prezident-Ordu-Xalq birliyinin gücünü gördü” , – deyə müsahibimiz əlavə edib.

Bu qələbənin özü ilə həm də mənəvi üstünlüklər də gətirdiyini bildirən R.Həsənin sözlərinə görə, artıq biz bundan sonra torpaqlarımızın işğal tarixlərini deyil, azad olunma tarixlərini, qələbə günlərimizi qeyd edəcəyik: “ Cənab Prezidentin də bəyan etdiyi kimi biz işğaldan azad edilmiş torpaqlara müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik. Öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik. Bəli, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı artıq qalib xalqa çevrildi. Əgər həmin müharibəyə qədər biz məğlub xalq, torpaqları itirilmiş ölkə kimi tanınırdıqsa, indi artıq məğrur, qalib və müzəffər xalq kimi tanınırıq. Mən bu xoşbəxtliyi bizə yaşadan Müzəffər Ali Baş Komandana və rəşadətli ordumuza bir daha minnətdarlıq etmək istəyirəm”.

Millət vəkili qeyd edib ki, bu müharibədə qalib gələn Azərbaycan, eyni zamanda regionda yeni reallıqlar yaradıb. Regionda əbədi sülhün olmasını, inkişaf və tərəqqini istəyən ölkələr bu reallıqları düzgün dəyərləndirərək, həmin reallıqlara uyğun addım atmalıdırlar. Təbii ki, ilk növbədə də Ermənistan. Ermənistan bir an öncə 10 noyabr Bəyanatına əsasən üzərinə götürdüyü digər öhdəlikləri də yerinə yetirməlidir. Heç şübhəsiz, bu sırada da Zəngəzur dəhlizinin açılması ilk yerdə dayanır”.

Müsahibimiz qeyd edib ki, noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda əksini tapan müddəalardan biri Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlıdır. Məlum olduğu kimi, bu dəhlizin yaradılmasını müharibənin qalibi olan Azərbaycan şərt kimi irəli sürüb və sənəd formalaşdırılarkən ölkəmizin tələbi nəzərə alınıb: “Bu dəhlizin açılması ilə Naxçıvanın blokadasına son qoyulacaq və Azərbaycanla qardaş Türkiyə arasında birbaşa bağlantı yaranacaq. Cənab Prezidentin də bəyan etdiyi kimi Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Digər mühüm bir məqam ölkəmizin tranzit imkanlarının genişlənməsi ilə bağlıdır. Yəni, Zəngəzur dəhlizinin yaradılması respublikamızın nəqliyyat-daşıma imkanlarını daha da genişləndirəcək. Təbii ki, kommunikasiyaların açılması həm də bütün region dövlətlərinin maraqlarına cavab verir. Eyni zamanda, 30 il ərzində işğalçılıq siyasətinin girovuna çevrilən, bütün regional layihələrdən kənarda qalan Ermənistan da kommunikasiyaların açılmasından faydalana bilər”.

R.Həsən sonda vurğulayıb ki, bu müharibə, eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirdi: “Müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də iki dövlətin rəhbərlərinin qətiyyətindən güc alan bu qardaşlıq öz sözünü deyir. Bu gün işğaldan azad edilmiş torpaqlarda Türkiyə şirkətləri Azərbaycan şirkətləri ilə çiyin-çiyinə işləyir. Bütün dünya bilməlidir ki, Türkiyə-Azərbaycan qardaşlığı özündə ancaq sülhü, sabitliyi və inkişafı birləşdirir. Cənubi Qafqazın inkişafında maraqlı olan bütün dövlətlər və beynəlxalq qurumlar bu iki qardaş ölkənin təklif etdiyi inkişaf proqramını dəstəkləməlidirlər”.

Mission News Theme by Compete Themes.