Press "Enter" to skip to content

İstehsal və saxlanma yerlərində fumiqasiya tədbirləri

Bayraqdar.info – Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən oktyabr ayında fiziki və hüquqi şəxslərin müraciəti əsasında zərərsizləşdirmə prosesi həyata keçirilib. Tədbirlər zamanı 31 min 651.01 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar, 14 min 694.54 m3 meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 25 min 716 m3 saxlanma yeri, 1023 m3 yaş meyvə- tərəvəz (xüsusi kameralar və digər hermetik yerlər), 65 min m2 istixana zərərsizləşdirilib.

Bu barədə xəbər noyabrın 10-da bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.

“Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə, onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə, qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir”, – deyə Nazirliyin xəbərində bildirilir.

Nazirlik onu da qeyd edir ki, Mərkəzin fumiqasiya dəstələri tərəfindən sahibkarların müraciəti əsasında beynəlxalq standartların tələblərinə və mövcud təlimata uyğun olaraq operativ və keyfiyyətli fumiqasiya tədbirləri həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə müraciət etmək mümkündür.

Mission News Theme by Compete Themes.