Press "Enter" to skip to content

Ceyhun Bayramov Odre Azule ilə görüşüb

Son yeniləmə: 11 Noyabr 2021 09:41

Bayraqar.info – Azərbaycan UNESCO ilə səmərəli və hərtərəfli əməkdaşlıqda, təşkilatın önəmli tərəfdaşlarından biri kimi ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır. Bunu xarici işlər naziri Ceyhun Bayramov noyabrın 10-da UNESCO-nun Baş Direktoru Odre Azule ilə görüşündə deyib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bayraqdar.info-ya verilən məlumata görə, nazir UNESCO-nun Baş Direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə Odre Azuleni təbrik edib.

Görüşdə mədəniyyət, təhsil, sosial və humanitar elmlər sahəsində əlaqələrə toxunulub. Həmçinin, Azərbaycanın bundan sonra da təşkilatın ali məqsədlərinin təbliğ edilməsində səylərini davam etdirəcəyi nəzərə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” kimi tanınan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizin mədəniyyətlər və dinlər arası dialoqa, tolerantlıq və multikulturalizmin təşviqinə verdiyi töhfələr vurğulanıb.

Azərbaycan-UNESCO Etimad Fondundan Təşkilatın iki əsas prioritetlərindən olan Qlobal Afrika Prioriteti və Gender bərabərliyi sahəsində reallaşdırılan layihələrdən söz açan nazir, pandemiya zamanı təhsilin davamlılığını təmin etmək məqsədilə UNESCO-nun təşəbbüsü ilə yaradılmış Qlobal Təhsil Koalisiyasına Azərbaycanın verdiyi töhfəni qeyd edib.

Bundan əlavə, nazir C.Bayramov Azərbaycanın dahi mütəfəkkiri və şairi Nizaminin 880 illik yubileyinə həsr olunan, UNESCO Baş qərargahında təşkil edilmiş tədbirin həm-təşkilatçısı olduğuna görə xanım Baş direktora təşəkkürünü bildirib.

Öz növbəsində Odre Azule Azərbaycana təşkilata verdiyi daimi dəstəyə görə minnətdarlığını ifadə edib və artan templə inkişaf edən münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu ifadə edib.

Mission News Theme by Compete Themes.