Mübariz AĞALARLI,
Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
Dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri də Azərbaycan və Anadolu bölgəsidir. Tarixlər boyu böyük bir çoğrafiyanın – Avrasiyanın tərkib hissəsi olan bu məkanlar qədim türk sivilizasiyasının mərkəzi və zəngin bir mədəniyyətin daşıyıcısı olmuşdur.
Bəşər sivilizasiyasının müəyyən zaman kəsiyində geosiyasi və iqtisadi baxımdan Qərblə Şərq dəhlizini bir-birinə bağlayan bu bölgələr türk-müsəlman dünyasının mədəniyyət və mənəviyyat körpüsü olmuşdur. Tarixlər boyu hər iki coğrafiyada baş verən proseslər forma baxımından fərqlənsə də, məzmun etibarilə eyniyyət təşkil etmişdir. Çünki hər iki coğrafiyada baş verən hadisələrin əsas qəhrəmanları, eyni etnik-siyasi və mədəni birliyin daşıyıcısı olan Azərbaycan və Anadolu türkləridir. Bir sözlə, hər iki bölgənin uğuru da, kədəri də eyni olmuşdur.
Məlumdur ki, tarixlər boyu türk xalqları çoxsaylı zəfərlər qazanaraq qəhrəmanlıq dastanları yaratmışlar. XX əsrin ümumtürk tarixinin şanlı zəfəri və qəhrəmanlıq epopeyası isə Çanaqqala qəhrəmanlıq dastanıdır. Dünya tarix elmində, hərb tarixi nəzəriyyələrində Çanaqqala zəfəri üstün hərbi-siyasi parametrlərinə və qeyri-adi taktiki göstəricilərinə görə digər hərbi qələbələri geridə qoyur. Bu müharibə və əldə olunan zəfər XX əsr Anadolu türklüyünün özüntəsdiqinin, milli oyanışının və türk hərb sənətinin parlaq nümunəsi idi.
Çanaqqala döyüşü ölüm-qalım vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşmiş, hər bir türk vətəndaşının xatirəsinə əbədi həkk olunmuşdur. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş bu döyüş türk xalqının qəhrəmanlıq salnaməsi, məğlub Antanta dövlətləri üçün əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq tarixə düşmüşdür.
Dövrün müasir silahları ilə silahlanmış müttəfiq qüvvələrin qarşısında daha sadə silahlarla, süngü və bıçaqla silahlanmış türk ordusu özündən sayca daha çox üstün olan düşmən üzərində qələbə çalaraq türk hərb tarixinin şanlı salnaməsinə yeni bir zəfər səhifəsi də əlavə etmişdir.
Çanaqqala savaşında Müttəfiq Ordu komandanlarından biri olan ingilis Yan Hamilton türk ordusunun rəşadəti qarşısında heyrətini gizlədə bilməyərək yazırdı: “Çanaqqala döyüşlərində 253 min şəhid verən türk milləti Antanta dövlətlərinə qarşı şərəfini necə qoruyacağını bilirdi. Dahi komandan Mustafa Kamalın əsgərlərinə “Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm!” – deməsi müharibənin taleyinin həll olunmasında mühüm rol oynadı”.
İngilis generalı türk ordusunun Vətənə, millətə, müqəddəs İslam dininə ifrat dərəcədə sevgisini və bağlılığını etiraf edərək yazırdı ki, “Türkləri öz Allahlarından ayırmaq üçün daha nə etmək olar? Heç nə. Biz türklərlə yox, onların Allahları ilə vuruşmuşuq!”
Çanaqqala döyüşü zamanı Azərbaycan çar Rusiyasının işğalında olmasına baxmayaraq, Azərbaycan xalqı, xeyriyyəçiləri Anadoluda Milli Mücadilə Hərəkatına öz maddi və mənəvi yardımlarını göstərmiş, xüsusilə də Çanaqqala müharibəsində yüzlərlə Azərbaycan türkü könüllü olaraq döyüşə qatılmış, böyük rəşadət nümunəsi göstərərək qəhrəmancasına şəhid olmuşdur.
XXI əsrin əvvəlləri… Artıq növbə bizim idi. Şərəfli türk tarixinin qəhrəmanlıq salnaməsinin növbəti səhifəsinin yazılma şərəfi bizə aid idi. Çünki 1991-1994-cü illərdə havadarları tərəfindən erməni faşizminə verilən böyük hərbi-siyasi dəstək nəticəsində Qarabağ bölgəsi işğal olundu. Azərbaycan 4 illik bir müddət ərzində davam edən I Qarabağ müharibəsində 20 min nəfərə qədər şəhid versə də, torpaqlarını erməni mənfurları və onların havadarlarının işğalından qoruya bilmədi. Bu dövrdə dəfələrlə şimaldan Azərbaycanın müstəqilliyinə yaranan təhlükə Qarabağın erməni ünsürləri tərəfindən işğal olunmasında ciddi amillərdən biri oldu.
Zaman keçdikcə Azərbaycanın iqtisadi və hərbi-siyasi mövqelərinin güclənməsi, ciddi diplomatik səylər nəticəsində beynəlxalq aləmdə ölkəmizin ədalətli mövqeyinin etiraf edilməsi torpaqlarımızın işğaldan azad olunması və son zəfərə gedən yolda ciddi imkanlar yaratdı.
Məlumdur ki, türk xalqları tarixlər boyu hərb sənətinə şərəf-ləyaqət simvolu kimi baxmış, hərb işini heç zaman yarımçıq qoymamışdır. Amma bizim I Qarabağ savaşından yarımçıq qalan bir hərb işimiz var idi. Qarabağ döyüşlərində məğlub olaraq itirdiyimiz torpaqların azad olunması kimi… Bu yarımçıq qalan işi tamamlamaq missiyası bizim şərəf kodeksimiz idi. Məhz bu baxımdan XXI əsrin ilk zəfər salnaməsini yazmaq bizim vəzifəmiz idi. Necə ki, Anadolulu qardaşlarımız bu zəfər salnaməsini Çanaqqala döyüşündə yazmışdı.
Nəhayət, 27 sentyabr 2020-ci ildə Qarabağın azadlığına gedən yolda Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyev öz qəhrəman ordusu ilə zəfər yürüşünə başladı. Rəşadətli ordumuz qurudan və havadan düşmənə ciddi və öldürücü zərbələr vurarkən, Azərbaycanın Ali Baş Komandanı da diplomatiya silahı ilə düşmənlərimizin havadarlarını zərərsizləşdirir və müzəffər ordumuza bu yöndən də ciddi dəstək verirdi.
Erməni faşizminə və onların dünyadakı havadarlarına qarşı təkbətək döyüşdüyümüz günlərdə, bir çox dövlətlərin qarşımızda dayandığı zaman yenə də yanımızda Anadolu türkləri – Türkiyə Cümhuriyyəti var idi. Necə ki, Çanaqqala savaşında biz qardaşlarımızın yanında idik… Qardaş Türkiyənin Can Azərbaycana verdiyi siyasi və mənəvi dəstək Qarabağın düşmən işğalından azad olunmasında mühüm rol oynadı.
Şuşa əməliyyatını və Şuşa zəfərini müasir dövr türk hərb tarixinin şah əsəri adlandırsaq, yanılmarıq. Çünki bu əməliyyat və qazanılan möhtəşəm zəfər dünya hərb sənətinin nadir inciləri sırasındadır. Şuşa əməliyyatı öz siyasi mahiyyətinə, mənəvi əhəmiyyətinə və hərbi taktiki xüsusiyyətlərinə görə Çanaqqala əməliyyətının oxşarı idi.
Şuşa əməliyyatı ərəfəsində Ali Baş Komandan əməliyyatın anonsunu verərək, “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” – demişdi. Bəli, həqiqətən də belə idi. Türk sərkərdəsi heç zaman hərb işini yarımçıq qoymaz. Necə ki, Şuşa əməliyyatımız da yarımçıq qalmadı və Şuşa zəfəri ilə işimiz tamamlandı.
Yüz ildən sonra tarix yenidən təkrar olunurdu. Çanaqqala döyüşündə türk ordusunun say etibari ilə özündən daha çox olan düşmən üzərində qələbəsi Şuşada da təkrar olunurdu. Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri özündən qat-qat çox olan düşmən üzərində rəşadətli qələbə qazanaraq yeni bir qəhrəmanlıq dastanı yaratdı. Çanaqqala döyüşündə olduğu kimi Şuşa əməliyyatında da qəhrəman igidlərimizin xəncər-bıçaqla düşmən qüvvələrini məhv etməsi yeni bir tarix, unudulmaz bir qəhrəmanlıq nümunəsi idi.
Şuşa əməliyyatında düşmənin çoxsaylı canlı qüvvəsini öz süngü və bıçaqları ilə məhv edən qəhrəmanlarımızın döyüş taktikası və rəşadəti həmin dövrdə xarici media nümayəndələrinin qarşısında möcüzəli bir mənzərə yaratmışdı. Həmin dövrdə, Şuşa əməliyyatında yaralanan və canını götürərək qaçan erməni hərbçilərinə istinad edərək xarici media nümayəndələri yazırdılar ki, “Azərbaycan hərbçiləri Şuşaya yolla deyil, sıldırım qayalarla, yüngül silahlarla çıxaraq, şəhid və yaralı hərbçi dostlarını da özləri ilə daşımışlar. Şuşa şəhəri faktiki olaraq əlbəyaxa döyüş nəticəsində azad olunmuşdur”.
Müzəffər Ordumuzun Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərini azad etmək üçün həyata keçirdiyi misilsiz əməliyyat dünya hərb tarixinə düşəcək əməliyyatlardan biri sayılır.
Azərbaycan türkləri bütün dövrlərdə tarix yaradan və tarix yazan xalqlar arasında öncül sıralarda yer almaqdadır. XX əsrin əvvəllərində Azərbaycanın Cümhuriyyət xadimləri ilk dəfə olaraq türk-müsəlman dünyasında Cümhuriyyət quraraq müsəlman Şərqində Cümhuriyyət tarixinin əsasını qoydu. XXI əsrdə isə Cümhuriyyətimizin yenilməz qəhrəman varisləri türk-müsəlman hərb tarixi salnaməsinin ilk səhifəsinə qələbə imzasını atdı…
Bu son deyil… Qarabağda düşmən işğalının sonu, tarixi Azərbaycanın ərazi bütövlüyünə gedən yolun başlanğıcıdır. Müzəffər Ali Baş Komandanın dediyi kimi, “Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da vardır”. Fərq etməz, hər iki tərəf Bizim Vətəndir…