Bayraqdar.info – 8 Noyabr – Zəfər Günü münasibətilə uşaq və gənclər arasında keçirilən “Azərbaycanın Zəfəri” adlı Кespublika festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Festival Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 10-da Təhsil Nazirliyindən bildirilib.
“Tədbir ümumilikdə 152 nəfərdən ibarət 12 kollektivin iştirakı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilib. Festivalda “Cücələrim” ansamblı və “Qavaldaş” nağara ritm qrupunun, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, C.Naxçıvanski adına Hərbi Liseyin, İncəsənət Gimnaziyasının, Bakı şəhəri 21 saylı Uşaq Musiqi Məktəbinin, Ağdam şəhər Uşaq Musiqi Məktəbinin, Samux, Kürdəmir, Şuşa və Bakı şəhərlərinin uşaq incəsənət məktəblərinin hərbi yaradıcılıq kollektivləri çıxış ediblər.
“Festivala Bakı şəhəri və regionlardakı təhsil müəssisələrindən solo, duet, kollektiv olmaqla 4 yaş qrupunda (10 – 13, 14 – 17, 18 – 21 və qarışıq yaş qrupları) vokal, xor, xoreoqrafiya, hərbi ansambl nominasiyaları üzrə 500-ə yaxın iştirakçı qatılıb, 104 videoçarx finala vəsiqə qazanıb. Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib”, – deyə xəbərdə bildirilir.
Nazirlik qeyd edir ki, festivalın məqsədi qələbənin qeyd olunması, gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması, hərbi-vətənpərvərlik ruhunun və milli-mənəvi dəyərlərin təbliğindən ibarət olub.