Son yeniləmə: 10 Noyabr 2021 12:50
Bayraqdar.info – Dünya ölkələrinin maraqlarını birləşdirən əlamətdar günlərdən biri də 10 noyabr – Dünya Elm Günüdür.
Beynəlxalq səviyyədə elm gününün qeyd olunması ideyası hələ ötən əsrin ortalarında meydana çıxsa da, ilk dəfə Sülh və İnkişaf naminə Dünya Elm Günü 2001-ci ildə UNESCO-nun Baş Konfransında təsis olunub. Elm Günü 1999-cu ildə Budapeştdə keçirilmiş UNESCO-nun və Dünya Elmi Şurasının ortaq birliyi zamanı verilən öhdəliklər çərçivəsində həyata keçirilib.
İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən və həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunan Dünya Elm Gününün məqsədi beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc, sabit inkişafına təsirini artırmaqdır.
Mədəni-maarif və elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi və təbliği, eləcə də onların toplanması, mühafizəsi, tədqiqi və nəşri ilə məşğul olmuşdur. Muzeyin fondlarında və əksəriyyəti nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən artıq tarixi materiallar qorunur.
Muzeyin kolleksiyası tamaşaçıya və tədqiqatçıya ölkənin ən qədim dövrdən bu günədək tarixini, xalqın keçmişini, məişətini və mədəniyyətini öyrənmək, tarixlə bağlı istənilən məsələni araşdırmaq imkanı verir. Ekspozisiya və xüsusi sərgilərdə nümayiş olunan minlərlə böyük əhəmiyyətə malik qiymətli eksponatlar hər bir tədqiqatçını və ziyarətçini Muzeyin unikal kolleksiyası və bu kolleksiya vasitəsilə təqdim olunan vətən tarixi ilə tanış edir. Məhz bu tədqiqatlar, eləcə də muzeyin təşkil etdiyi bir çox elmi ekspedisiyalar zamanı əldə olunan və bu gün muzeyin fondlarında qorunan qiymətli materiallar ekspozisiyanı, o cümlədən muzey kolleksiyasını zənginləşdirib, muzeyin ekspozisiyasını bəzədiyi kimi neçə-neçə kitab və dissertasiya üçün mənbə rolunu oynayıb.
Həmçinin, Muzeyin bir sıra dünya muzeyləri ilə beynəlxalq əməkdaşlığı və təşkilatçılığı ilə həm muzeydə, həm də onlayn formatda bir sıra sərgi, beynəlxalq və Respublika səviyyəli elmi konfranslar və tədbirlər keçirilib.
Qeyd edək ki, Muzey bütün bu fəaliyyəti ərzində dünyanın müxtəlif muzeyləri ilə əməkdaşlıq etmiş, sərgilərdə, beynəlxalq elmi konfranslarda, forumlarda iştirak edib. Almaniya, Çexiya, Çin, Qazaxıstan, Monqolustan, Norveç, Rusiya, Türkiyə və b. ölkələrlə qarşılıqlı əlaqələr qurmuş, səyyar sərgilərlə iştirak edib. Milli Azərbaycan Tarixi Muzeyi hal-hazırda da bu ənənəni davam etdirir.
Yazı Milli Azərbaycan Tarixi Muzeyinə istinadla hazırlanıb.