Bayraqdar.info – Güney Azərbaycanın Ərdəbil şəhərində milli fəallar noyabrın 8-də azərbaycanlı siyasi məhbuslar Əlirza Fərşi və Vədud Əsədiyə azadlıq tələb ediblər.
“Azad İran” Telegram kanalı xəbər verir ki, azərbaycanlı fəallar bu məqsədlə Əlirza Fərşi və Vədud Əsədinin çox sayda posterlərini şəhər divarlarına və ictimai məkanlara yapışdırıb, həmin siyasi məhbuslara azadlıq tələb ediblər. Beləliklə həm də azərbaycanlı fəalların qanunsuz həbsinə diqqətin yönəldilməsi nəzərdə tutulub.
Qeyd edək ki, İranın hökumət qüvvələri oktyabrın 30-da Gilan vilayətinin Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədinin evinə hücum etmişdi.
Rejim qüvvələri Vədud Əsədini tutaraq ona məxsus kompüteri, eləcə də mobil telefonu müsadirə etmişdilər. Onlar habelə azərbaycanlı fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparmışdılar.
Bundan öncə Vədud Əsədi bir neçə dəfə İran rejiminin muzdurları tərəfindən həbsə və təhdidlərə məruz qalmışdı.
Azərbaycanlı fəal İkinci Qarabağ müharibəsi zamanı da İranın Ermənistana yardımına etiraz etdiyi üçün 13 gün müddətinə saxlanmışdı.
Digər azərbaycanlı fəal Əlirza Fərşi isə 2014-cü ildə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehran vilayətinin Bəharıstan rayonunda Ümumdünya Ana Dili Günü tədbirinə qatıldığı üçün həbs olunmuşdu. O, “milli təhlükəsizliyə qarşı qrup və təşkilatalara üzv olmaq” ittihamı ilə Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi tərəfindən iki il həbs və iki il sürgün cəzasına məhkum edilmişdi.
Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi hakim (qazi) İman Əfşarinin sədrliyi ilə Əlirza Fərşiyə 50 ay həbs cəzası çıxarıb. Bundan əlavə, milli fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.