Bayraqdar.info – Dünyanın bir çox yerlərində olduğu kimi Türkiyənin Eskişehir şəhərində də 8 noyabr – Zəfər Günü böyük coşqu ilə qeyd edilib. Belə ki, tarixi Zəfərimizlə bağlı Eskişehirdə silsilə tədbirlər keçirilib.
Bu barədə bayraqdar.info-ya Eskişehir Azərbaycanlılar Dərnəyinin (EsAzDer) sədri Cavid Aydın məlumat verib.
Onun sözlərinə görə, EsAzDer bu həftəni Zəfər həftəsi elan edib: “Tarixi Zəfərimizin ildönümü münasibətilə həftə ərzində bir neçə tədbir keçirməyi planlaşdırmışıq. İlk olaraq noyabrın 8-də Eskişehirin mərkəzi küçələrindən olan Hamamyolu caddesində Yediler Parkı açıq hava sərgi mərkəzində bir fotosərgi təşkil etdik. Həmin fotosərgidə 44 günlük Vətən müharibəsinin müxtəlif məqamlarını özündə əks etdirən 50-yə yaxın fotoşəkil nümayiş olunur. Orada saat 12-də başlayan mərasim Azərbaycanın milli və vətənpərvər musiqilərinin sədaları altında saat 18:00-dək davam etdi. Onu da deyim ki, bu sərgiyə istər sadə vətəndaşlar, istərsə də ictimai-siyasi dairlər tərəfindən böyük maraq göstərilir. Bir çox partiyaların təmsilçiləri, QHT nümayəndələri, Azərbaycan dostu olan ziyalılar sərgimizi gəzərək, xatirə dəftərinə tarixi Zəfərimizlə bağlı ürək sözlərini yazdılar”.
C.Aydının sözlərinə görə, saat 18:00-da Eskişehir Mehtaran Takımı əraziyə gəlib: “EsAzDer-in dəvəti ilə sərgi keçirilən əraziyə gələn Mehtaran Takımı burada kiçik bir proqram nümayiş etdirdi. Daha sonra isə Eskişehir Hamamyolu caddesi Yediler parkından başlayan və şəhərin mərkəzində olan Ulus anıtına qədər davam edən Zəfər yürüşü keçirdik. Zəfər yürüşünə qatılan dərnəyimizin üzvləri, həmçinin burada təhsil alan azərbaycanlı tələbələr əllərində Azərbaycan və Türkiyə bayraqlarını, məşəlləri, eyni zamanda, Vətən müharibəsinin məqamlarını özündə əks etdirən şəkilləri tutaraq addımladılar. 300-ə yaxın insanın qatıldığı yürüşün sonunda isə Mehtaran Takımının Ulus anıtı meydanında qısa konsert proqramı təqdim edildi. İstər yürüşümüz, istərsə də Mehtaran Takımının ifasında səsləndirilən Azərbaycan və Türkiyənin vətənpərvərlik musiqiləri yerli əhali tərəfindən maraq və alqışla qarşılandı. Sonda Qarabağ şəhidləri başda olmaqla türk dünyasının bütün şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi”.
Bu aksiyanın sakit və təhlükəsiz şəraitdə baş tutması üçün göstərilən dəstəyə görə Eskişehir bələdiyyəsinin, İl əmniyyət müdürlüyünün və digər qurumların rəhbərliyinə təşəkkür edən C.Aydın daha sonra deyib: “Eyni zamanda bizə istər informasiya, istərsə də digər sahələrdə dəstək göstərən elçihaber.com saytının qurucusu və sahibi Soner Güncan bəyə təşəkkür edirəm”.
EsAzDer-in sədri əlavə edib ki, Zəfər Günü ilə bağlı tədbirlər həftə ərzində davam edəcək.