Bayraqdar.info – “Bu həftə ABŞ və beynəlxalq ictimaiyyət Güney Qafqazda Ermənistan və Azərbaycan hərbi qüvvələri arasındakı 44 günlük savaşı bitirmiş atəşkəs bəyanının bir illiyini qeyd edir. Biz ötən ilki hərbi əməliyyatlar zamanı öldürülmüş və yaralanmış şəxslərlə bağlı yaxınlarına dərin üzüntümüzü ifadə edirik. Biz bütün qalmaqda olan həbs edilmişlərin geri qaytarılmasına, itkinlərlə bağlı tam hesabatlılığa, qaçqın düşmüş şəxslərin öz evlərinə sərbəst dönüşünə, münaqişədən zərər çəkmiş ərazilərin geniş humanitar minasızlaşdırılmasına və ehtiyacı olanlara beynəlxalq humanitar qurumların çatımını təmin etməyə çağırırıq. Biz eyni zamanda insan haqları pozuntuları və beynəlxalq humanitar hüquqa zidd davranışlarla bağlı iddiaların araşdırılmasına çağırırıq.”
Bu sözlər ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın Ermənistanla Azərbaycan arasındakı savaşın bitməsinin bir illiyinə həsr edilmiş açıqlamasındandır. Xəbəri bayraqdar.info-ya noyabrın 9-da ABŞ Dövlət Departamentindən veriblər.
Sözçü daha sonra qeyd edir: “ABŞ Güney Qafqaz bölgəsi üçün güvənli, sabit, çiçəklənən və barışcıl bir gələcəyin təmin edilməsinə sadiqdir. Avropa və Avrasiya məsələləri üzrə Büroda ABŞ Dövlət katibinin köməkçisinin müavini olan Erika Olson hazırda bölgədə səfərdədir və hər üç ölkə ilə ikitərəfli məsələləri müzakirə edir ki, bölgəsəl işbirliyi üçün imkanları araşdırsın. Biz Ermənistan və Azərbaycanı ATƏT-in Minsk Qrupunun himayəsi altında Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəsi olan və ya ondan doğan bütün vacib məsələlərə hərtərəfli həll tapmağa çağırırıq”.