Bayraqdar.info – Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində iş yerlərinə göndəriş verilənlərin sayı 1200-ə çatıb. Onların mühüm hissəsi şəhid ailələrinin üzvləri və qazilərdir.
Bu barədə bayraqdar.info-ya noyabrın 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi proqram üzrə iş yerlərinə göndəriş verilənlərin böyük hissəsi ilə artıq əmək müqavilələri bağlanıb. Digərləri ilə də əmək müqaviləsinin bağlanması işləri davam edir.
“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.
Bu proqram əsasında işlə təmin edilən şəxslərin 2 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.