Press "Enter" to skip to content

Zəfərin qazanılmasında hər bir ölkə vətəndaşının rolu danılmazdır

Son yeniləmə: 8 Noyabr 2021 02:40

Bayraqdar.info – “Vətən müharibəsində bütün Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək böyük bir Zəfərə imza atdı. Bu Zəfərin qazanılmasında dinindən, dilindən, irqindən asılı olmayaraq hər bir ölkə vətəndaşının rolu danılmazdır”.

Bu fikirlər Türkiyənin paytaxtı Ankarada keçirilən “Bu Zəfər hamımızın ortaq Zəfəridir” mövzulu tədbirdə dilə gətirilib.

Bu barədə bayraqdar.info-ya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi, yazıçı-jurnalist Oktay Hacımusalı məlumat verib. Onun sözlərinə görə, tədbir Ankarada yerləşən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ölkəmizin mədəniyyətini beynəlxalq arenada təmsil etmək məqsədilə yaradılan Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən O.Hacımusalı bu müharibədə və ümumiyyətlə Azərbaycan cəmiyyətində multikulturalizmin, dini, milli və irqi dözümlülüyün əhəmiyyətindən danışıb. Birgə yaşayışın, multikultural ənənələrin Azərbaycanda əsrlər boyu var olduğunu bildirən natiq bu savaşda da ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinin Vətənin müdafiəsi üçün çiyin-çiyinə savaşdığını vurğulayıb: “Əsrlərdir sülh şəraitində yaşayan vətəndaşlarımız dünyaya bir daha sübut etdilər ki, müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevin bünövrəsini qoyduğu multikulturalizm siyasəti dünyanın dərindən öyrənməli və nümunə götürməli olduğu bir siyasətdir”.

Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyinin sədri, araşdırmaçı-yazıçı Derya Akdemir çıxışında  qeyd edib ki, bu savaşda bir an belə düşünmədən canlarını Vətən yolunda fəda edənlərlə yanaşı, özünü azərbaycanlı və türk hesab edən hər kəs canı, qanı ilə Azərbaycanın yanında idi, ürəyi Zəfər həyəcanı ilə döyünürdü.

Tədbirdə həmçinin, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz, Yenidən Refah Partiyası sədrinin birinci müavini Doğan Bekin, əfsanəvi Sultan bəyin nəvəsi Nəcib Laçın, İç Anadolu Dərnəyinin sədri İsmət Taş, Osmanlı Səfərbərlik Xalq Hərəkatının sədri Məhmət Barbaros Öztürk çıxış ediblər.

Çıxışlarda hər zaman olduğu kimi, bu savaşda da Azərbaycan ilə Türkiyənin bir-birinə mənəvi dəstək verərək Zəfərə birgə addım-addım irəlilədikləri bildirilib.

Mission News Theme by Compete Themes.