Press "Enter" to skip to content

“YAŞAT” Xeyriyyə Marafonu İTV -də və “Zəfər” Yarmarkasında canlı yayımlanıb

Son yeniləmə: 8 Noyabr 2021 08:36

Bayraqdar.info – “YAŞAT” Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “YAŞAT” Xeyriyyə Marafonu davam edir. Marafon 7 noyabr tarixində saat 12.00-18:00-da İctimai Televiziyada (İTV), 90 FM- İctimai Radioda və Dənizkənarı Bulvar ərazisində təşkil olunan “YAŞAT” Fondunun “Zəfər” Yarmarkasında canlı yayımlanıb.

Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, 6 saatlıq yayım vətəndaşlar tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, yayım müddətində vətəndaşlarımız tərəfindən zəfər birliyi nümayiş etdirilib, yarmarka ərazisində olan vətəndaşlar, həmçinin izləyicilər tərəfindən “YAŞAT” Fonduna kütləvi ianələr daxil olub.

Marafon müddətində şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz, tanınmış ictimai-siyasi xadimlər çıxış ediblər, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə canlı bağlantılar təşkil edilib.
Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər, dəstək layihələri barədə hesabat təqdim olunub.

Qeyd edilib ki, marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə vətəndaşlarımızı dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.
Marafon “YAŞAT, Azərbaycan” şüarı ilə təşkil olunur.

Xatırladaq ki, “YAŞAT” Xeyriyyə Marafonu “YAŞAT” Fondunun 1 yaşı ilə əlaqədar 8 dekabr tarixinə qədər davam edəcək. Vətəndaşlarımız, bütün təşkilat və müəssisələr Fonda ianələr etməklə Marafona qoşula bilərlər.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Mission News Theme by Compete Themes.