Press "Enter" to skip to content

Keçmiş səfirdən önəmli açıqlamalar – Zəfər Gününə ÖZƏL

Hulusi Kılıç

“44 günlük Vətən müharibəsi hər günü ilə bir tarix oldu”

Bayraqdar.info – Noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki düz bir əvvəl bu tarixdə Azərbaycanın incisi Şuşa Ermənistanın işğalından azad edildi. Bu tarix eyni zamanda Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Qeyd edək ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə, şanlı Zəfər təkcə ölkəmizdə deyil, bütün türk dünyasında coşqu ilə qarşılandı. Həmçinin, bu tarixi Zəfər nəticəsində Azərbaycanın yaratdığı reallıqlar regionun, o cümlədən türk dünyasının iqtisadi gücünə əlavə güc qatdı.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın bayraqdar.info-ya özəl müsahibəsində qeyd etdiyi kimi, hələ uzun illər dünyada Azərbaycanın bu tarixi Zəfərindən danışılacaq, bununla bağlı araşdırmalar aparılacaq, tarix dərsliklərində bu Zəfərdən bəhs ediləcək.

Qeyd edək ki, Azərbaycanın dostu, sabiq səfir Hulusi Kılıçın Bakıda olmasından istifadə edərək ondan tarixi Zəfərimizlə bağlı suallara cavab aldıq. Əslində, bu müsahibəni “Zəfər söhbəti” də adlandırmaq olar.

Beləliklə, “Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərini necə dəyərləndirirsiniz” sualını cavablandıran H.Kılıç öncə “Mən yaradılan bu fürsətdən istifadə edərək həm Azərbaycan Respublikası vətəndaşlarını, həm də dünya azərbaycanlılarını tarixi Zəfərimizin birinci ildönümü münasibətilə təbrik edirəm” dedi.

Azərbaycanın xoşbəxtliyi Prezident İlham Əliyevin xoşbəxtliyidir

Keçmiş səfir qeyd etdi ki, 44 günlük Vətən müharibəsi hər günü ilə bir tarix oldu: “Özü də təkcə azərbaycanlılar üçün deyil, dünya üçün də hər zaman öyrəniləcək, oxunulacaq bir tarix. Öncəki müsahibələrimdə də qeyd etdiyim kimi, 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin möhtəşəm tarixi çıxışlarına qulaq asdıqca, qardaş Azərbaycan xalqının dövlət başçısının ətrafında sıx birləşdiyini, qadağan edilən raketlərə qarşı sinəsini sipər etdiyini gördükcə, qəhrəman ordunun zəfər xəbərlərini yaxından izlədikcə böyük həyəcan hissi keçirirdim. Can Azərbaycanımızın 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etməsinin sevincini, xoşbəxtlik və qürurunu mən də yaşadım. Vətən müharibəsində özüm Ankarada olsam da ruhum Qarabağda, dastan yazan qəhrəman əsgərlərimizin yanında idi”.

Keçmiş səfirin sözlərinə görə, bu müddət ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi yüksək liderlik, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və xalqın liderinə verdiyi dəstək, eləcə də müasir ordunun göstərdiyi qəhrəmanlıq dost, qardaş ölkələr tərəfindən yüksək qiymətləndirildi, sevinc və təqdirlə qarşılandı: “Prezident İlham Əliyev böyük qətiyyət göstərərək Azərbaycana qarşı otuz il idi davam edən işğalçılığın sona çatmasına nail oldu. Cənab İlham Əliyev bir daha nümayiş etdirdi ki, o, yüksək liderlik keyfiyyətləri, cəsarətli qərarları ilə seçilən Prezident, Müzəffər Ali Baş Komandandır. Azərbaycan xalqı xoşbəxtdir ki, İlham Əliyev kimi yüksək intellektli, müdrik və cəsur Prezidenti var. Azərbaycanın xoşbəxtliyi Prezident İlham Əliyevin xoşbəxtliyidir. Artıq Azərbaycan vətəndaşı dünyada başı dik, qürurla yeriyir. Artıq Zəfər qazanmış daha qürurlu, daha ruhlu bir Azərbaycan xalqı var. Mən bu müsahibədən istifadə edib həmin döyüşlərdə qəhrəmanlıq göstərən, uca dağları dırmanıb insan gücündən artıq iş görən, qanları ilə tarix yazan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm. Bir il öncə Azərbaycan igidləri Şuşa dastanını yazdı. Bu igidliklər hələ uzun illər tarix, roman, film mövzuları olacaq. Həmin günlər dünya bir daha Azərbaycan xalqının necə bir qəhrəmanlıq göstərdiyini gördü. O günlər dünya həmçinin, şəhid olmuş ərinin tabutunu çiyinlərində daşıyan məğrur, igid Azərbaycan qadınını da gördü. Ən nəhayət, Azərbaycan bu Zəfəri ilə dünyaya bir dərs verdi. BMT-nin 30 ilə yaxın müddətdə icra edə bilmədiyi, yaxud da etmək istəmədiyi qətnamələr 44 günlük müharibə zamanı icra edildi. Bu müharibə eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlik instututunun iç üzünü bütün dünyaya nümayiş etdirdi. Əslində, bu institutun ötən illər ərzində münaqişəni həll etmək üçün deyil, həll etməmək üçün səylər göstərdiyi aşkar oldu”.

Nadir Azəri və Hulusi Kılıç

Türkiyə ilə Azərbaycan əkiz qardaşlardır

Bu Zəfərin Türkiyə-Azərbaycan qardaşlığı baxımından necə qiymətləndirilməsinə gəlincə, keçmiş səfir dedi ki, 44 günlük Vətən müharibəsinin sonunda qazanılan tarixi zəfər can Azərbaycanla yanaşı, Türkiyə və türk dünyasında böyük sevinc, qürur hissi ilə qarşılandı: “Eyni zamanda, bu Zəfər Türkiyə-Azərbaycan qardaşlığının hansı səviyyəyə qalxdığını, nəyə qadir olduğunu da nümayiş etdirdi. Qeyd edim ki, Türkiyə-Azərbaycan qardaşlığı çox özəl bir qardaşlıqdır. Bu qardaşlıq özündə çoxsaylı tarixi məqamları, dar gündə də, xoş gündə də birlikdə olmaq fəlsəfəsini əks etdirir. Əslində, mən buna əkiz qardaşlıq münasibətləri deyərdim. Digər türk dövlətləri də qardaşlarımızdır. Amma Türkiyə ilə Azərbaycan əkiz qardaşlardır. Bu müharibə zamanı biz “bir millət – bir dövlət” kimi hərəkət etdik. Bütün dünya da bir daha Türkiyə-Azərbaycan qardaşlığının hansı zirvədə olduğunu gördü”.

H.Kılıç deyib ki, bu savaşın digər, özü də ən mühüm əhəmiyyəti isə odur ki, 44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmlətdi: “Həmin günlər Türkiyədə bütün xalq demək olar ki, hər gün “Azərbaycan” dedi, Azərbaycandan gələn xəbərləri dörd gözlə gözlədi, müharibənin acısını özündə hiss etdi və təbii ki, qələbənin sevincini də böyük coşqu ilə qeyd etdi. Həmin günlər iki qardaş xalq elə dərin bağlarla bir-birinə bağlandı ki, bu bağlar əsrlər boyu nəinki Türkiyə və Azərbaycana, ümumilikdə türk dünyasına sabitlik, inkişaf və yeni-yeni uğurlar gətirəcək. İki xalqın daha da yaxınlaşmasının ən böyük örnəyinin isə Türkiyədəki yanğınlar zamanı şahidi olduq. Yanğınlar zamanı “ciyərimiz yanır” deyə, qardaşına yardıma qaçan Azərbaycan xalqının Türkiyəyə hərətrəfli dəstəyi dünya mətbuatının da gündəmi oldu”.

Şuşa Bəyannaməsi bu günə qədər imzaladığımız razılaşmaların konstitusiyasıdır

Türkiyə-Azərbaycan qardaşlığının postmüharibə dövründə görülən işlər baxımından dəyərləndirilməsinə gəlincə müsahibimiz aşağıdakıları bildirdi: “Mən öncə bu il Türkiyə ilə Azərbaycan arasında imzalanan tarixi Şuşa Bəyannaməsinə toxunmaq istəyirəm. Hesab edirəm ki, Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik əlaqalərini düzənləyən, iki qardaş ölkə arasında imzalanmış ən önəmli və strateji sənəddir. Deyərdim ki, Şuşa Bəyannaməsi bu günə qədər imzaladığımız razılaşmaların konstitisiyasıdır”.

Keçmiş səfir dedi ki, bu Bəyannamənin imzalanması Azərbaycanla Türkiyənin bu gün də iki ümummilli lider Mustafa Kemal Atatürkün və Heydər Əliyevin qoyduğu yol ilə inamla irəlilədiyini bir daha təsdiqləyir: “Eyni zamanda, iki qardaş ölkə bununla Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklərini bəyan ediblər. Yəni, bununla Türkiyə və Azərbaycanın sülh və sabitlik tərəfdarı, həmçinin regionun inkişafı naminə birgə addımlar atmağa hazır olduğu bəyan edilib”.

Postmüharibə dövründə də Türkiyə-Azərbaycan qardaşlığı öz sözünü deyir

H.Kılıçın sözlərinə görə, məhz bu kontekstdə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın oktyabrın 26-da Azərbaycana səfəri və Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakı növbəti dəfə bütün dünyaya verilən birlik və qardaşlıq mesajı oldu: “Azərbaycan böyük Zəfərin ildönümü ərəfəsində cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanını istifadəyə verməklə nələrə qadir olduğunu hər kəsə aşkar şəkildə göstərdi. 44 günlük ağır müharibədən çıxan Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bir il ərzində gördüyü işlərlə həm də bütün dünyaya quruculuq, yenidənqurma mədəniyyəti göstərdi”.

Müashibimiz bildirdi ki, müharibə zamanı olduğu kimi, postmüharibə dövründə də Türkiyə-Azərbaycan qardaşlığı öz sözünü deyir: “Prezident İlham Əliyevin Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanı Füzuli Beynəlxalq Hava Limanının açılışına dəvət etməsi özündə təkcə dostluq və qardaşlıq örnəyini deyil, eyni zamanda ölkələrimiz və xalqlarımızın möhkəm birliyini nümayiş etdirir. Bu birliyin təməlində mənəvi dəyərlər və tarixi köklər dayanır. Cənab Prezident İlham Əliyevin oradakı çıxışı zamanı dediyi kimi, Türkiyə və Azərbaycan şirkətləri Füzuli Hava Limanını tikdilər. Yəni orda da həmrəyliyimizi gostərdik. Həmin gün Cümhurbaşqanı Recep Tayyip Erdoğanı müşayiət edən Türkiyə nümayəndə heyətinin tərkibi isə onu deməyə əsas verir ki, Azərbaycan işğaldan azad olunan ərazilərində, sözün əsl mənasında, xariqələr yaratmaqda davam edəcək və Türkiyə hər zaman olduğu kimi, bütün bu prosesdə də qardaşı ilə çiyin-çiyinə olacaq”.

Regionun gələcəyi 3+3 formatında əməkdaşlıqdan keçir

Regionun gələcək inkişafının necə ola biləcəyinə dair suala cavabında isə müsahibimiz bildirdi ki “Bu, Türkiyə ilə Azərbaycanın təklif etdiyi 3+3 formatında əməkdaşlıqdan keçir. Təbii ki, Ermənistan bundan sonra bir dövlət kimi ayaqda qalmaq istəyirsə bir an öncə Azərbaycanla sülh sazişi imzalamalı və bu formatda iştirak etməlidir. Bu, bir reallıqdır və Ermənistan keçmişdən ağıllı şəkildə dərs çıxararaq, bir an öncə lazım olan addımı atmalıdır. Əminəm ki, Ermənistan ağıllı qərar qəbul edəcək və bölgəyə əbədi sülh, inkişaf vəd edən Zəngəzur dəhlizi açılacaq. Əslində, Zəngəzur Azərbaycan torpağıdır. Sadəcə 1921-ci ildə SSRİ rəhbərliyi tərəfindən Ermənistana hədiyyə edilib. Yəni, Ermənistan ağlını başına toplamalı, boş xülyalara düşməməlidir. Əks təqdirdə Azərbaycanın dəmir yumruğunu yenidən başı üstündə hiss edəcək. Özü də bu dəfə dəmir yumruq Ermənistan üçün daha ölümcül olacaq. Əgər Ermənistan ağıllı qonşu ola biləcəksə o zaman Türkiyə ilə də əlaqələri bərpa edə bilər”.

Mission News Theme by Compete Themes.