Bayraqdar.info – Niderlandın Haaqa şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Qələbə və Sülh” adlı təntənəli konsert keçirilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 8-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin dəstəyi və “Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyətinin təşkilatçılığı ilə “De Vaillant” teatrında baş tutan konsertdə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirin rəsmi hissəsində cəmiyyətin rəhbəri Firəngiz Bağırova çıxış edib. O, xalqımızı və dünya azərbaycanlılarını möhtəşəm bayram münasibətilə təbrik edib. Xalqımıza qələbə sevincini yaşatdıqlarına görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlıq bildirilib.
Sonra Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konsert proqramı ilə davam edan bədii hissədə Azərbaycanın Əməkdar artisti Xəyyam Məmmədov (kamança), xanəndə Nemət Əliyev, Almaniyada fəaliyyət göstərən “Qarabağ” ansamblı və ansamblın solisti Vüsalə Cabir, Niderlandda yaşayan bəstəkar-müğənni Elcan Rzayev və musiqiçi Firəngiz Bağırova çıxış ediblər.
Konsert “Azərbaycan” mahnısının tədbir iştirakçıları ilə birgəifa edilməsi ilə yekunlaşıb.