Son yeniləmə: 8 Noyabr 2021 15:36
Bayraqdar.info – 8 noyabr-Zəfər Günü münasibətilə Böyük Britaniyanin və Şimali İrlandiya Birləşmiş Krallığının şəhərlərində silsilə tədbirlər keçirilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 8-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, London şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş mərasim keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Britaniya Azərbaycanlıları Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşdirilən tədbirdə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra çıxış edən Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev xalqımızı, dünya azərbaycanlılarını və Türk Dünyasını möhtəşəm bayram münasibətilə təbrik edib. Bu tarixi hadisəni xalqımıza yaşatdıqları üçün Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizə minnətdarlığını bildirib.
Tədbir Böyük Britaniyada yaşayan sənətçilərin konsert proqramı ilə davam edib. Konsertdə müğənnilər Emilya Yaqubova, Gülşən İbadova, İnam Məmmədov, musiqiçilər – “Odlar Yurdu” ansamblının rəhbəri Rasim Fərziyev (violin) və Ülkər Məmmədova (kamança)Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər.
Məlumatda bildirlirilr ki, Zəfər Günü ilə əlaqədər hımçinin Birləşmiş Krallığının bir sıra şəhərlərində Zəfər fləşmobu keçirilib: “Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Group”un təşkilatçılığı ilə London, Mançester, Aberdin, Nyukasl, Koventri, Kanterberi, Birminhem, Kembric, Nottinqem, Leverinqton və digər şəhərlərinin müxtəlif yerlərində baş tutan fləşmoblar zamanı soydaşlarımız xalqımızı Zəfər Günü münasibətilə təbrik ediblər.
Onlar Azərbaycan bayrağını dalğalandırıb, “Zəfər Günün mübarək, Azərbaycan!”, “Qarabağ Azərbaycandır!”, “Biz Azərbaycan Qəhrəmanları ilə qürur duyuruq!”, “Xarıbülbül Qarabağ Qələbəsinin rəmzidir”, “Azərbaycan Qarabağı azad edib”, “Qarabağ Bizim Qələbəmizdir!”, “Sülh Qarabağa döndü. Biz Qarabağı geri qaytardıq. #8 noyabr 2020”, “Yaşasın azad Qarabağ, azad Şuşa!” və digər şüarları nümayiş etdiriblər”.
Aksiyalar zamanı Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi güllərin düzülməsi və şamların yandırılması ilə yad edilib.