Son yeniləmə: 8 Noyabr 2021 14:03
Bayraqdar.info – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi Zəfər Günü münasibətilə Daşkəsən rayonunda şəhid və qazi ailələrini ziyarət edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı qələbənin birinci ildönümündə ediilən ziyarət zamanı Səhmdar Cəmiyyətin əməkdaşları ümumilikdə 116 şəhid və qazi ailəsinin evlərində qonaq olublar.
Bu barədə bayraqdar.info-ya noyabrın 8-də “AzerGold” QSC-dən məlumat verilib.
Vurğulanıb ki, görüşlərdə böyük amallar uğrunda canlarından keçən, ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan qəhrəman şəhidlərimizin əziz xatirələri yad edilib, onlara daim borclu olduğumuz bildirilib. Qeyd edilib ki, tarixi qələbədə böyük pay sahibləri olan qəhrəman şəhidlərimizin ailələrinin, fədakar qazilərimizin daim diqqətdə saxlanılması onlara olan vəfa borcu və dərin ehtiramın ifadəsidir.
Sosial aksiya çərçivəsində Daşkəsən rayonunda qeydiyyatda olan Vətən müharibəsi şəhidlərinin aztəminatlı ailələrinə birdəfəlik bank kartları hədiyyə edilib. Bununla yanaşı, şəhid ailələri və ötən il döyüşlərdə yaralanmış qazilərə bayram sovqatları təqdim olunub.
Qeyd edək ki, Cəmiyyətin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi olaraq həyata keçirilən sosial yardım tədbirləri dövlətimizin şəhid ailələri və ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların sosial müdafiəsi proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, şirkətin hasilat fəaliyyəti göstərdiyi bölgədə yaşayan bu həssas əhali qrupunun qayğı ilə əhatələnməsinə, onların rifahının yaxşılaşdırılmasına xidmət edir.