Press "Enter" to skip to content

Əlirza Fərşi və daha 8 siyasi məhbus etiraz etdi

Əlurza Fərşi

Bayraqdar.info – Tehranın “Fəşafuyə” həbsxanasında saxlanılan türk dili fəalı Əlirza Fərşi və başqa 8 məhbus açıq məktub yazaraq zindanda onlara qarşı basqılara, cəza olaraq bölmələrinin dəyişdirilməsinə etiraz bildiriblər.

“Zindanın 2-ci bölməsinin rəhbərliyinin, xüsusilə Mir Yusifin yanlış idarəçiliyinə etiraz edən biz məhkumların yerini əlavə cəza metodu olaraq dəyişib, verdikləri hesabatlarda bizi iğtişaşçı və baş verən xaosun səbəbkarı kimi göstərərək hüquqlarımızdan məhrum ediblər”, – deyə məktubda qeyd olunub.

Məktubda həbsxana rəhbərliyinin yuxarı orqanlara verdiyi hesabatda ağır cinayətlər törətmiş məhkumlar tərəfindən döyülən və yaralanan siyasi məhkumların qəsdən iğtişaşın baş verməsində maraqlı tərəf kimi qələmə verildiyi yazılıb.

Fərşi və məktubu imzalayan başqa 8 dustaq bunun siyasi məhbuslara qarşı basqı olaraq edildiyini, onların ağır cinayətlər törətmiş məhkumlarla eyni bölmədə saxlanılmasının qanuna zidd olduğunu bildirib.

Məktubda baş verən qarşıdurmadan sonra siyasi məhbusların ağır şəraiti olan bölməyə köçürüldüyü qeyd olunub.

Məktub müəllifləri bütün bunları özlərinə qarşı qanunsuzluq kimi dəyərləndirib və həbsxana rəhbərliyinin bu davranışına etiraz ediblər.

Həbsxana rəhbərliyi fırıldaqçıdır

“Biz bu məktubu imzalayanlar həbsxana rəhbərliyinin fırıldaqçı, qərəzli və ədalətsiz davranışlarını pisləyir, bu insanlar tərəfindən bizə qarşı açıq işgəncələrə son qoyulmasını tələb edir və bütün insan haqları təşkilatlarını durumumuzla tanış olmaq üçün zindana baxış keçirmələrini istəyirik”, – deyə məhbuslar insan haqları təşkilatlarını zindanı ziyarət etməyə çağırıblar.

Bundan öncə oktyabrın 11-i, axşam saatlarında zindana xüsusi qüvvələr gətirilib, türk dili fəalı Əlirza Fərşi və başqa bir neçə məhbus zindanın 1-ci bölməsinə köçürülüb.

Rəsmi qurumların birgə yaydığı məlumata görə, Həbsxanalar Təşkilatının başçısı, müfəttişləri və başqa əlaqədar qurumların rəhbərlərinin iştirakı və xüsusi qüvvələrin müşayiəti ilə Fərşi də daxil zindanın 9-cu bölməsində saxlanılan bir qrup məhbus həbsxananın 1-ci bölməsinə köçürülüb.

Məsullar bunu 9-cu bölmədə məhbusların saxlanılması üçün uyğun şəraitin olmaması ilə əlaqələndirib və məhbusların etirazlarına baxmayaraq onları yeni bölməyə köçürüblər.

Tehran əyalətinin Həbsxanalar, Təhlükəsizlik və Təlim Tədbirləri Təşkilatının müfəttişi bildirib ki, göstəriş yuxarıdan, təhlükəsizlik orqanından verilib və köçürülmə mütləq həyata keçiriləcək.

Ağır canilər siyasi məhbuslara hücum edib

Qeyd edək ki, oktyabrın 8-də Tehranın “Fəşafuyə” zindanında ağır cinayətlərə görə cəza çəkən məhkumlar siyasi məhbuslara hücum edib.

İnsident zamanı siyasi məhbuslar döyülüb. Hücuma məruz qalan siyasi məhbuslardan bir neçəsi bədən xəsarəti alıb.

İranda məhbusların ittihamlarına görə təsnifatlandırılması və yerləşdirilməsi qanunu icra edilmədiyi üçün ağır cinayət törətmiş müttəhimlərlə siyasi məhbuslar bir yerdə saxlanılır.

İran hökuməti və zindan rəhbərliyi bu vasitə ilə siyasi məhbuslara basqı göstərir, istənilən zaman onlara qarşı sui-qəsd törədir.

Əlirza Fərşi ana dili tələbinə görə tutulub

Əlirza Fərşi 2014-cü il iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

Ə.Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il məhbəs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci il iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.