Son yeniləmə: 6 Noyabr 2021 17:41
Bayraqdar.info – Noyabrın 5-də “TOPs proqramı – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində 8 noyabr – Zəfər Gününə həsr edilmiş estafet tipli idman oyunları yarışlarına yekun vurulub.
Xəbər bayraqdar.info-ya noyabrın 6-da Təhsil Nazirliyindən verilib.
TOPs festivalı final yarışlarında IV və VI siniflər üzrə 72 şagird çempionluq titulu qazanmaq üçün bir araya gəlib. Bu yarışlarda ümumilikdə 24 sinifdən 300 nəfərə yaxın şagird iştirak edib.
Festival öz işinə Zəfər Günü mövzusunda təşkil edilmiş rəsm sərgisi ilə başlayıb.
“Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council” Azərbaycan ofisinin direktoru Francis Gardener-Trejo, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, UNICEF Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Heykens və digər qonaqlar iştirak ediblər.
“Nazir müavini F.Qurbanov festivalın açılışında çıxış edərək pandemiyadan sonra məktəblilərin sağlamlığının qorunmasında, fiziki inkişafında bədən tərbiyəsi və idmanın artan rolundan danışıb. O, qeyd edib ki, TOPs proqramının əsas məqsədi fiziki tərbiyə dərslərini maraqlı, cəlbedici keçirilməsini təmin etməkdir.
“Nazir müavini iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib.
“UNICEF Azərbaycan nümayəndəliyinin rəhbəri A.Heykens idmanın gənclərin həyatında önəmli rolundan danışıb.
“”British Council’ Azərbaycan ofisinin direktoru F.G-Trejo liderlik və kollektiv fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi istiqamətində gənclərin hərtərəfli inkişafı işinə töhfə verən TOPs proqramında əməyi keçən tərəfdaşlara təşəkkür edib. O, Azərbaycan xalqına Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
“Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev TOPs metodologiyasının artıq Akademiyanın tədris proqramına daxil edildiyini diqqətə çatdırıb.
“Daha sonra estafet yarışlarının final mərhələsinə başlanılıb.
“Yarışlar arası fasilələrdə məktəbin özfəaliyyət qrupunun üzvləri vətənpərvərlik mövzusunda müxtəlif rəqs və musiqi nömrələri ilə çıxış edib.
“Festivalın sonunda qalib komandaların mükafatlandırılması mərasimi baş tutub. Qonaqlar qaliblərə diplomlar və kuboklar təqdim edib”, deyə xəbərdə qeyd edilir.
Nazirlikdən qeyd edilib ki, TOPs proqramı Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, həmçinin “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir.