Press "Enter" to skip to content

Qazaxıstan və Türkiyə kitabxanaları arasında Memorandum

Bayraqdar.info – Noyabrın 5-də Ankarada, Türkiyə Cümhurbaşqanlığı nəzdindəki Milli Kitabxanada “Türk dünyası: tarixi, bu günü, gələcəyi” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Qazaxıstan və Türkiyənin tanınmış siyasi və ictimai xadimləri iştirak edib.

Xəbəri noyabrın 6-da Beynəlxalq Türk Akademiyasının Mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, konfrans Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümünə həsr edilib. Təşkilatçı qismində Qazaxıstanın Birinci Prezidenti – Elbası Kitabxanası və “Elbası Akademiyası” Korporativ Fondu çıxış edib. Eyni zamanda Qazaxıstan Xarici İşlər Nazirliyi və bu ölkənin Türkiyədəki səfirliyi də təşkilatçılar arasında olub.

Tədbirdə hər iki ölkənin tanınmış dövlət xadimləri və ictimai fəalları iştirak edib. Həmçinin, türk dövlətlərini təmsil edən beynəlxalq qurumların və elm ictimaiyyətinin nümayəndələri tədbirə qatılıb.

Konfrans Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulının moderatorluğunda keçirilib. Qatılımçılar türk tarixi və mədəniyyətinin bundan sonra da öyrənilməsi, irəlilədilməsi və populyarlaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirdə Beynəlxalq Türk Akademiyasını qurumun vitse-prezidenti Füzuli Məcidli təmsil edib. O, eyni zamanda məruzə ilə çıxış edib.

Konfransın sonunda Elbası Kitabxanasıyla Türkiyə Cümhurbaşqanlığı nəzdindəki Milli Kitabxana arasında Memorandum imzalanıb.

Mission News Theme by Compete Themes.